BAKI, 29 may. TELEQRAF
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisinin 2026-cı il futbol üzrə dünya çempionatı üçün heyətinə daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
ABŞ, Kanada və Meksikada keçiriləcək mundial 11 iyun - 19 iyul tarixlərini əhatə edəcək. Hazırkı dünya çempionu olan Argentina millisi qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq.
Məlumata görə, Messi və portuqaliyalı futbolçu Kriştiano Ronaldo dünya çempionatlarında altı dəfə iştirak edən ilk futbolçular ola bilərlər. Daha əvvəl Ronaldonun da Portuqaliya millisinin heyətinə daxil edildiyi açıqlanmışdı.
Bundan əvvəl dünya çempionatlarında beş dəfə iştirak edən futbolçular sırasında meksikalılar Antonio Karbaxal və Rafael Markes, həmçinin almaniyalı Lotar Matteus yer alıb.
38 yaşlı Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın “Barselona” klublarında oynayıb. Messi “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, üç dəfə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
Argentina millisinin heyətində Messi 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə mundialın gümüş medalını qazanıb. O, həmçinin 2008-ci il Olimpiya çempionu və ikiqat Amerika Kuboku qalibidir.