Minlərlə uşağın həyatını xilas edən, Bakıda ilk uşaq xəstəxanasını yaradan və Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri kimi fəaliyyət göstərən Yevsey Gindes dövrünün ən nüfuzlu həkimlərindən biri olub. Azərbaycanda ona göstərdiyi misilsiz xidmətlərə görə "Uşaqların Allahı" adı verilib.
Bəs bu məşhur həkim kim idi və Azərbaycan səhiyyə tarixində hansı izləri qoyub?
Musavat.com xəbər verir ki, tarixçi Ayaz İlyasov "Azərbaycan Xalq Cümhuriyyəti haqqında 100 ən maraqlı fakt" kitabında bu barədə yazıb.
XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə sistemi olduqca ağır vəziyyətdə idi. Həkim çatışmazlığı kəskin hiss olunur, fəaliyyət göstərən mütəxəssislərin əksəriyyəti isə azərbaycanlı deyildi.
Həmin dövrdə tibbdə çalışan hər bir insan əsl qəhrəman sayılırdı. Belə şəxslərdən biri də Yevsey Gindes olub. O, Kiyevdə doğulsa da, 1905-ci ildən ömrünün sonuna – 1952-ci ilə qədər həyatı Bakı ilə bağlı olub.
Görkəmli həkim bu illər ərzində minlərlə uşağın həyatını xilas edib. Məhz Yevsey Gindes Bakıda ilk uşaq xəstəxanasını açıb. O, həmçinin Zağulbada uşaqlarda sümük vərəminin müalicəsi üçün fəaliyyət göstərən sanatoriyanın təşkilatçısı və baş həkimi olub.
Bundan başqa, Gindes Bakıda məktəblilər üçün ilk yay uşaq düşərgələrinin yaradılmasını təşkil edib. Bütün bu fəaliyyətinə görə Azərbaycanda onu Uşaqların Allahı adlandırıblar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yevsey Gindes bir müddət səhiyyə naziri vəzifəsini də icra edib. O, 1918-ci ilin dekabrından 1919-cu ilin martına qədər bu postda çalışıb.
Məşhur həkim üçün vətən anlayışı fərqli məna daşıyırdı. Ukraynadan olan dostlarından biri ona məktubunda Sənin vətənin haradır? sualını ünvanlayıb. Gindes isə cavabında Mənim vətənim uşaqlardır yazıb.
AXC dövründə o, səhiyyə sahəsi ilə bağlı bir neçə ictimai təşkilata da rəhbərlik edib. Bunlardan biri 1907-ci ildən fəaliyyət göstərən Uşaq ölümünə qarşı mübarizə cəmiyyəti olub. Cəmiyyətin işində milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova da fəal iştirak edib.
Gindesin rəhbərlik etdiyi digər təşkilat isə Uşaqların mühafizəsi cəmiyyəti olub.
Musavat.com