ABŞ-də Google mühəndisi Mişel Spaqnuolo milyonlarla dollarlıq mərc qalmaqalında ittiham olunur.
Musavat.com xəbər verir ki, federal prokurorluğun məlumatına görə, 36 yaşlı İtaliya vətəndaşı şirkətin ictimaiyyətə açıqlanmayan daxili axtarış statistikalarına çıxış əldə edib və bu məlumatlardan istifadə edərək Polymarket platformasında böyük məbləğdə mərclər yerləşdirib.
İstintaq materiallarında bildirilir ki, Spaqnuolo “AlphaRaccoon” adı ilə 2025-ci ilin Google-da ilin axtarışı nəticələrini əvvəlcədən bildiyi üçün uğurlu mərclər edib. O, xüsusilə müğənni d4vd-nin ilin ən populyar axtarış mövzularından biri olacağına dair böyük məbləğdə mərc qoyub.
Prokurorluq onun bu sxem vasitəsilə təxminən 1,2 milyon dollar qazandığını və daha sonra vəsaitin mənbəyini gizlətməyə çalışdığını açıqlayıb.
Spaqnuolo Nyu-Yorkda saxlanılıb. Ona qarşı elektron fırıldaqçılıq, əmtəə dələduzluğu və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb. Daha sonra o, 2,25 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.
Google şirkəti isə istintaqla əməkdaşlıq etdiyini və mühəndisin işdən uzaqlaşdırıldığını təsdiqləyib.
Musavat.com