ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu barəsində yeni ittihamlarla bağlı polis araşdırmaya başlayıb.
Axşam.az xəbər verir ki, "The Sunday Times" qəzetinin məlumatına görə, 2002-ci ilin yayında "Royal Ascot" at yarışları zamanı bir qadına qarşı uyğunsuz davranışda şübhəli bilinir.
Hadisənin detalları açıqlanmayıb. Bildirilir ki, tədbirdə mərhum kraliça Elizabet II, o dövrdə şahzadə olan Çarlz və Endryunun qızı Şahzadə Euqin də iştirak ediblər. Məlumata görə, bu iş Endryu ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə şübhələri üzrə aparılan ümumi araşdırmanın bir hissəsidir.
Qeyd edək ki, fevralın 19-da Endryu vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmışdı. "BBC" bu hadisəni Ceffri Epştyn işi ilə əlaqəli istintaqla bağlamışdı. Keçmiş şahzadə bütün ittihamları rədd edib. Qalmaqaldan sonra kral ailəsinin müşavirləri ona ən sevdiyi məşğuliyyətlərdən biri olan at sürməyə məhdudiyyət qoyublar. Onların fikrincə, istintaq altında olan Endryunun fotoqraflar qarşısında həddindən artıq rahat və şən görünməsi düzgün deyil.
Endryunun adı Epşteyn ilə bağlı seks cinayətləri qalmaqalında ilk dəfə 2015-ci ildə hallanmışdı. Zərərçəkmiş Virciniya bildirmişdi ki, maliyyəçi onu azyaşlı olduğu dövrdə varlı və nüfuzlu şəxslərə təqdim edib və dəfələrlə Endryu ilə cinsi əlaqəyə məcbur edib.
Bu yaxınlarda başqa bir qadın da Epşteynin onu Endryu ilə cinsi əlaqə üçün Böyük Britaniyaya göndərdiyini iddia edib. Qadının sözlərinə görə, Endryu ilə keçirdiyi gecədən sonra ona Bukinqam sarayında ekskursiya təşkil olunub və çay süfrəsinə dəvət edilib.
2019-cu ildə Endryu kral ailəsindəki rəsmi vəzifələrini dayandırıb, 2022-ci ildə isə qalmaqala görə bütün hərbi titullarından məhrum edilib. O, ittihamları qəbul etməsə də, 2022-ci ildə Virciniya Kuffrenin mülki iddiasını məhkəmədənkənar razılaşma ilə həll edib, ona açıqlanmayan məbləğdə ödəniş edib və xeyriyyə məqsədlərinə böyük ianə ayırıb. 2025-ci ilin oktyabrında isə kral Endryunu bütün titullarından məhrum edib və kral iqamətgahından çıxarıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.