AZ

28 May - 44 fədainin yazdığı şanlı istiqlal tarixi: Bir millətin yenidən doğulduğu gün

“28 May-Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış bir tarixdir. Bu tarix yalnız bir dövlətin yaranması deyil, bir millətin əsarətdən qurtularaq öz iradəsini dünyaya bəyan etdiyi gündür. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız əsrlər boyu yaşatdığı azadlıq arzusunu gerçəyə çevirdi. Bu hadisə təkcə siyasi akt deyildi, bu, milli ruhun dirçəlişi, tarixi yaddaşın oyanışı və dövlətçilik iradəsinin təntənəsi idi”.

Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat qeyd edib ki, biz ilk növbədə müstəqillik və respublika anlayışının mahiyyətini, onun tariximizdə daşıdığı yükü və məsuliyyəti dərindən anlamalıyıq: “Çünki müstəqillik sadəcə siyasi status deyil, xalqın öz taleyinə sahib çıxmaq haqqıdır. Respublika isə millətin iradəsinin dövlət idarəçiliyində təcəssümüdür. Məhz buna görə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tariximizin ən şərəfli səhifələrindən biri hesab olunur.

1918-ci ilin mürəkkəb və ziddiyyətli siyasi şəraitində zaman məsələyə son dərəcə sərt və amansız yanaşırdı. Rusiya imperiyası çökmüş, regionda xaos hökm sürürdü. Zaqafqaziya Seymi artıq dağılmaq üzrə idi. Gürcülər Almaniyanın siyasi dəstəyinə arxalanaraq seymdən ayrılmışdılar. Ermənilər isə hər zaman olduğu kimi xarici qüvvələrin himayəsinə güvənərək öz planlarını həyata keçirməyə çalışırdılar. Belə bir məqamda Azərbaycan xalqının qarşısında yalnız bir seçim vardı: ya ayağa qalxaraq öz dövlətini qurmaq, ya da torpaqlarının parçalanmasına, milli varlığının məhv edilməsinə razı olmaq.

Həmin dövrdə Azərbaycanın bölünməsi təhlükəsi olduqca real idi. Xarici güclər ölkəmizin ərazilərini parçalamaq, Bakını Rusiyanın nəzarətində saxlamaq niyyətində idilər. Tarix isə Azərbaycan xalqını ağır bir sınaq qarşısında qoymuşdu. Məhz belə bir çətin və taleyüklü anda millətin ziyalıları, ictimai-siyasi xadimləri böyük cəsarət və uzaqgörənlik nümayiş etdirdilər. Onlar tarixin məsuliyyətini çiyinlərinə götürdülər, xalqın şərəfini və gələcəyini qorumaq üçün mübarizəyə qalxdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sadəcə dövlət yaratmadılar-onlar milli kimliyi dirçəltdilər. Cümhuriyyət liderlərinin tarix qarşısındakı ən böyük xidmətlərindən biri “Azərbaycan” adını dövlətin adına çevirmələri oldu. Çünki “Azərbaycan” adı uzun müddət siyasi leksikondan sıxışdırılmış, unudulmağa çalışılmışdı. Halbuki bu ad xalqın tarixi yaddaşı, milli varlığı və coğrafi bütövlüyünün simvolu idi. Azərbaycan adını dövlət adına çevirmək müstəqilliyin özü qədər böyük və taleyüklü addım idi.

Bax, belə bir məqamda millətin gələcək taleyi naminə  cəmi 44 fədakar insan ayağa qalxdı. Onlar ölüm təhlükəsinə, siyasi təzyiqlərə, xarici müdaxilələrə baxmayaraq istiqlaliyyət bayrağını yüksəltdilər. Avropada təhsil almış ziyalılarımız, demokratik düşüncəli siyasi liderlərimiz xalqın taleyini dəyişəcək qərarlar qəbul etdilər. Onlar yaxşı anlayırdılar ki, əgər Azərbaycan öz dövlətini yaratmasa, xalqımız tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qala bilər.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu qısa müddət ərzində xalqımızın dövlətçilik tarixində əbədi iz qoydu. Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda quruldu. Qadınlara seçki hüququ verildi, milli parlament formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu yaradıldı. Bu addımlar sübut etdi ki, Azərbaycan xalqı azad yaşamağa, demokratik dövlət qurmağa və müasir dünyaya inteqrasiya etməyə qadirdir.

28 May buna görə sadəcə təqvim günü deyil. Bu tarix Azərbaycan xalqının ləyaqətinin, iradəsinin və milli qürurunun rəmzidir. Həmin gün Azərbaycan öz ərazisinə sahib çıxdı, dünya dövlətləri sırasında yer aldı və müstəqil dövlət olaraq tarix səhnəsinə qədəm qoydu”.
Millət vəkili əlavə edib ki, bu müqəddəs dövlətçilik ənənəsi sonrakı dövrlərdə də davam etdirildi: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etməklə milli dövlətçilik ideologiyasını daha da möhkəmləndirdi. Bu gün həmin siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Müasir Azərbaycan artıq regionun deyil, dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə mühüm uğurlara imza atıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, tarixi ədaləti bərpa edib, qalib dövlət kimi beynəlxalq münasibətlər sistemində nüfuzunu daha da artırıb.

Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif tribunalarında qürurla dalğalanır. Azərbaycan adı ehtiram və hörmətlə çəkilir. Dövlətimizin imzası etibarlı tərəfdaşlığın, gücün və müstəqil siyasətin simvoluna çevrilib. Bütün bunların təməlində isə 1918-ci ildə istiqlal bayrağını ucaldan o böyük insanların fədakarlığı dayanır.

Tarix xalqına sahib çıxanları heç vaxt unutmur. Azərbaycan xalqı da öz istiqlal mücahidlərini hər zaman ehtiramla yad edir. Çünki onlar millətin namusunu, şərəfini və gələcəyini qorudular. Bu gün azad, güclü və qalib Azərbaycan varsa, bunun başlanğıcı məhz 28 May-Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündür.
Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs irsi!”

Mürtəza

Seçilən
29
2
olke.az

3Mənbələr