AZ

Bugünkü qüdrətli Azərbaycanla Cümhuriyyət xadimlərinin də arzuları gerçəkləşib

28 may - “Müstəqillik günü” xalqımızın tarixində ən şərəfli və ən qürurverici günlərdən biridir. 28 may Azərbaycan Cümhuriyyətinin dünyaya göz açdığı gündür. 108 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası “İstiqlal Bəyannaməsi”ni qəbul edib Azərbaycanın müstəqilliyini elan etməklə xalqımız qarşısında çox böyük şərəfli və tarixi bir missiyanı yerinə yetirdi. 100 ildən çox davam edən müstəmləkə əsarətindən sonra xalqın taleyində istiqlaliyyətin elan olunması qədər böyük bir gün ola bilməzdi. 

İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqı bir əsrdən çox davam edən imperiya əsarətinə son qoyaraq, ilk dəfə müstəqil və demokratik respublika qurmaq əzmini dünyaya bəyan etdi. Bu mənada “İstiqlal Bəyannaməsi” təkcə bir siyasi akt deyil, həm də tariximizdə milli özünüdərk və azadlıq mübarizəsinin zirvəsi oldu. Eyni zamanda, Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyini elan etməklə Azərbaycan xalqının fiziki olaraq məhv edilməsinin qarşısını aldı və onun yaşamasını təmin etdi. XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə xanlıqlar şəklində hissə-hissə, parça-parça daxil edilən Azərbaycanı süqut edən imperiyanın qalıqları altından vahid bir tam halında çıxarmaq da cümhuriyyət liderlərinin böyük uğuru idi.

Cümhuriyyətin yaradılması yalnız siyasi müstəqillik deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin və dövlətçilik ənənələrinin bərpası demək idi. Ölkədə parlamentli respublika modelinin tətbiqi və bütün vətəndaşlara bərabər hüquqların verilməsi Azərbaycanın siyasi tarixində bir dönüş nöqtəsi oldu. 

Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı, ölkənin sərhədlərini müəyyənləşdirdi, Azərbaycan hökumətini, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət aparatını və ilk parlamentini formalaşdırdı, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordu yaratdı, ölkənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etməyə çalışdı, ölkənin dünya birliyi tərəfindən tanınmasına nail oldu, dövlət atributlarını yaratdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi, Azərbaycan dilini dövlət dili elan etdi, ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirdi, təhsili milliləşdirdi, Azərbaycanın ilk universiteti olan Bakı Universitetini təsis etdi və bütün bu tədbirlərlə müstəqil Azərbaycan dövlətinin əsaslarının yaratdı və Azərbaycan xalqının sonrakı inkişaf yolunu müəyyən etdi.

Müstəqil yaşamağa əzm etmiş və bu yolda böyük qurbanlar vermiş Azərbaycan xalqı 1918-1920-ci illərdə özünü müstəqil yaşamağa qadir və buna layiq bir xalq kimi dünyaya nümayiş etdirdi. Olduqca mürəkkəb beynəlxalq və regional vəziyyətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin əsrlərə bərabər bu iki illik müstəqilliyi 1920-ci ilin aprelində bolşevik təcavüzünün qurbanı olsa da, Azərbaycanı işğal edən Sovet Rusiyası müstəqil Azərbaycan Cümhuriyyətinin mövcudluğu faktını silib ata bilmədi və bu əsas üzərində sovet quruluşunda formal da olsa Azərbaycanın müstəqilliyini təsbit və qəbul etməli oldu. Bu fakt bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. 

1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini və milli dövlətçiliyini bərpa etdi. Bu mənada Cümhuriyyət bizim milli şərəf və qürur mənbəyimizdir.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun həyata keçirə bilmədiyi planlarını 1993-cü ildən bəri Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdi. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü qüdrətli Azərbaycanla Prezident İlham Əliyev Cümhuriyyət xadimlərinin də arzularını gerçəkləşdirdi. İnanırıq ki, bugünkü Azərbaycanı görmək arzusunda olan cümhuriyyət xadimlərinin də ruhları indi şaddır.

Müstəqillik Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir və müstəqilliyimizin əbədi olmasını arzulayıram.

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr