"Şərqdə bir çox ilklərə imza atan Azərbaycan xalqı 1918-ci il mayın 28-də özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratmaqla şərqin demokratiya ruhunu üzərində daşımaq missiyasını yerinə yetirmiş oldu. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir”.
Bunu 7news.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Elə bir dövrdə müstəqil dövlətin yaradılması əlbəttə ki çox çətin bir proses idi. Bu baxımdan Xalq Cümhuriyyətinin yaranması tariximizdə müstəsna bir rola malikdir. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı”.
Deputat qeyd edib ki, Cümhuriyyətin təəssüflər olsun ki, ömru qısa sürdü. Yenidən Sovet istilası Azərbaycanın müstəqilliyini əlindən aldı. Təxminən 70 il Sovet imperiyasının tərkibində yaşayan Azərbaycan 90-cı illərdə yenidən müstəqilliyinə qovuşdu. Ancaq bu dəfə daha ağır itkilər verməklə... O zamankı rəhrərliyin kreslo uğrunda mübarizəsi xalqı faciələrə sürüklədi. Nəticədə topraqlarımız işğal altına düşdü, xalqımız öz torpaqlarından didərgin düşdü. Ancaq Ulu Öndər Heydər Əliyevin yenidən xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı müstəqillik ümidlərimizi yenidən dirçəltdi. Onun hakimiyyətə gəlişi itirilməkdə və parçalanmaqda olan dövləti yenidən birləşdirdi. Bu gün biz yenə də müstəqil ancaq daha güclü, daha inamlı və bütöv bir Azərbaycan vətəndaşıyıq. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı heç olmadığı qədər güclü bir dövlətə çevirmişdir”.