ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilər arasında geniş yayılması təhsil sahəsində yeni müzakirələr yaradıb. Bir çox valideyn və müəllim hesab edir ki, şagirdlərin ev tapşırıqlarını ChatGPT vasitəsilə hazırlaması onların araşdırma və düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər. Digər tərəfdən, bəzi mütəxəssislər bu texnologiyanın düzgün istifadə edildikdə öyrənmə prosesini daha effektiv edə biləcəyini bildirirlər.
Bəs “ChatGPT ilə ev tapşırığı” şagirdlər üçün həqiqətən zərərlidirmi, yoxsa yeni dövrün faydalı təhsil vasitəsidir?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca “AzPolitika”ya açıqlamasında deyib ki, süni intellektin, xüsusilə ChatGPT-nin məktəblilər arasında yayılması təhsil dünyasını qaçılmaz bir yol ayrıcına gətirib çıxarıb. Bu texnologiya, istifadə formasından asılı olaraq, həm intellektual tənbəlliyə yol açan bir təhlükə, həm də fərdiləşdirilmiş təhsil bəxş edən misilsiz bir alətdir.

Onun sözlərinə görə, əgər şagird ev tapşırıqlarını araşdırmadan, mühakimə yürütmədən, sadəcə bir düymə ilə süni intellektə köçürdürsə, bu proses onun tənqidi təfəkkürünü, yaradıcılığını və çətinlikləri aşma bacarığını ciddi şəkildə korlaşdırır: “Beyin işləməyən bir əzələ kimi zəifləyir və uşaq hazır informasiya asılısına çevrilir. Lakin eyni alət düzgün istiqamətləndirildikdə hər bir şagirdin qavrama sürətinə və marağına uyğunlaşan səbirli bir fərdi müəllim rolunu oynaya bilər. Anlaşılmayan mürəkkəb mövzuları sadə dillə izah etmək, ideyaları cilalamaq və fərqli baxış bucaqları qazanmaq üçün ChatGPT unikal bir bələdçidir”.
Ş.Qoca bildirib ki, bu səbəbdən texnologiyanı qadağan etmək yox, şagirdlərə rəqəmsal etika və süni intellekt savadlılığını aşılamaq əsas hədəf olmalıdır: “Təhsil sistemi də dəyişməli, ev tapşırıqları mexaniki köçürməyə imkan verməyən, şagirdin şəxsi mühakiməsini, yaradıcı təxəyyülünü və canlı debat bacarığını tələb edən layihələrə əsaslanmalıdır. Nəticə etibarilə, ChatGPT öz-özlüyündə nə mütləq zərər, nə də mütləq xeyirdir; o, şagirdin təfəkkürünü söndürən bir kölgəyə və ya onun idrak yolunu işıqlandıran bir mayaka çevrilməsi tamamilə insan amilindən və düzgün pedaqoji yanaşmadan asılı olan yeni dövrün güclü bir vasitəsidir”.
Təhsil eksperti Elçin Əfəndiyev də süni zəka platformalarının təhsil prosesinə təsiri ilə bağlı fikirlərini saytımızla bölüşərək, bu texnologiyalardan düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, süni zəka alətlərindən istifadə şagirdlərin dərs prosesində məlumat əldə etməsini asanlaşdırır və müəyyən mənada əlçatan imkanlar yaradır: “Bu platformalardan həddindən artıq istifadə şagirdlərdə aludəçilik formalaşdırır və onların tənbəlləşməsinə səbəb olur. Bəzi şagirdlər ev tapşırıqlarını, testləri və digər çalışmalarını ChatGPT, Gemini və digər süni zəka proqramları vasitəsilə yerinə yetirməyə çalışırlar. Bu isə onların mövzuları dərindən mənimsəməsinə və müstəqil düşünmə bacarıqlarının inkişafına mənfi təsir göstərir”.
Ekspert qeyd edib ki, süni zəka platformalarından yalnız bilinməyən mövzuları araşdırmaq, əlavə məlumat əldə etmək və öyrənmə prosesini dəstəkləmək məqsədilə istifadə olunmalıdır. Düzgün və balanslı istifadə şagirdlərin nəticələrinə müsbət təsir göstərə bilər.
Oğuz Ayvaz
AzPolitika.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.