AZ

Su torpağı cana gətirən həyat iksiridir

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aqrar inkişafın yeni mərhələsinin hədəfi kənddə məskunlaşma, ərzaq təhlükəsizliyi və regional yüksəlişdir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə ölkənin aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. Ölkə başçısının müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, dövlət artıq kənd təsərrüfatına ənənəvi iqtisadi sahə olmaqla bərabər, həm də milli təhlükəsizlik, ərzaq təminatı, regional inkişaf və sosial sabitliyin əsas sütunlarından biri kimi yanaşır. Xüsusilə son illərdə dünyada baş verən geosiyasi böhranlar, iqlim dəyişiklikləri, nəqliyyat zəncirlərinin qırılması və enerji bazarındakı qeyri-sabitlik fonunda aqrar sektorun strateji əhəmiyyəti bunu zəruri edir.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi əsas məqamlardan biri kənd təsərrüfatının inkişafında əldə edilmiş uğurların təsadüfi deyil, uzunmüddətli dövlət siyasətinin məntiqi nəticəsi olması ilə bağlı idi. Dövlət başçısı bununla bağlı hələ 2004-cü ildə qəbul edilmiş ilk regional inkişaf proqramı ilə respublikanın aqrar yüksəlişinin təməlinin qoyulduğunu xatırlatdı.

Eyni zamanda, həmin dövrdə regionlarda mövcud olan ağır infrastruktur problemləri – qazlaşdırmanın zəifliyi, elektrik enerjisinin çatışmazlığı, yolların yararsız vəziyyətdə olması, eləcə də içməli və suvarma suyu təminatındakı çətinliklərin kənd təsərrüfatının inkişafını, demək olar ki, məhdudlaşdırdığını diqqətə çatdırdı.

Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı proqramlar nəticəsində isə regionların siması bütünlüklə dəyişdi. Yeni avtomobil yolları çəkildi, kəndlər qazlaşdırıldı, enerji infrastrukturu yenidən quruldu, su təminatı layihələri reallaşdırıldı. Bütün bunların sayəsində kənd təsərrüfatının inkişafı üçün fundamental baza yaradıldı.

Əslində, aqrar inkişafın əsas şərtlərindən biri olan infrastruktur təminatı gerçəkləşdirilmədən məhsuldarlıqdan və rəqabət qabiliyyətindən danışmaq mümkün deyildi. Bu baxımdan müşavirədə xüsusi vurğulanan məsələlərdən biri də su təsərrüfatı infrastrukturunun inkişafının zəruriliyi oldu. Prezident İlham Əliyev Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər su anbarlarının tikintisinin kənd təsərrüfatının sürətli inkişafında mühüm rol oynadığını qeyd etdi.

Həqiqətən, son illər ölkədə həyata keçirilən su layihələri texniki infrastruktur xarakteri daşımaqla yanaşı, həm də strateji iqtisadi investisiya önəmi ilə diqqətdə saxlanılıb. Çünki Azərbaycan su ehtiyatları baxımından zəngin ölkələr sırasında deyil və mövcud resurslardan səmərəli istifadə məsələsi artıq milli prioritetə çevrilib.

Müşavirədə diqqətçəkən əsas məqamlardan biri dövlət başçısının kənd təsərrüfatı istehsalının mövcud dinamika səviyyəsindən narazılığını açıq şəkildə ifadə etməsi oldu. Bu yanaşma qazanılan müsbət nəticələrə baxmayaraq, dövlətin daha yüksək məhsuldarlıq və daha dayanıqlı aqrar model formalaşdırmaq niyyətində olduğunu göstərdi. Ölkə rəhbəri məhz bu məqsədlə konkret, qısamüddətli və nəticəyönümlü yeni Dövlət Proqramının hazırlandığını diqqətə çatdırdı.

Ekspertlər aqrar siyasətdə müasir mərhələnin artıq müəyyənləşdirilən əsas prioritetlərindən bəhs edərkən bildirirlər ki, əgər əvvəlki dövrdə əsas diqqət infrastrukturun qurulmasına yönəldilmişdisə, indiki şəraitdə isə bu istiqamət səmərəliliyin artırılması, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyaların tətbiqidir. Belə bir yanaşma isə kənd təsərrüfatının ekstensiv inkişaf modelindən intensiv və innovativ modelə keçidinin zəruriliyindən xəbər verir.

Dünyada baş verən proseslər də bu keçidi zəruri edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibələr, qlobal logistika problemləri, enerji böhranı və iqlim dəyişiklikləri artıq ənənəvi ərzaq istehsalçılarını ciddi çətinliklərlə üz-üzə qoyur. Son illərdə dünyada taxıl, bitki yağları və digər strateji məhsulların qiymətində baş verən dalğalanmalar da ərzaq təhlükəsizliyinin artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrildiyini göstər.

Azərbaycan da bu reallığı nəzərə alaraq daxili istehsal imkanlarını artırmağa xüsusi diqqət yetirir. Məhz buna görə, kənd təsərrüfatının inkişafı təkcə iqtisadi məsələ deyil, həm də strateji dövlət siyasətidir. Xüsusilə su ehtiyatlarının idarə olunması burada həlledici rol oynayır. Bu baxımdan dövlət başçısının iqlim dəyişikliklərinə xüsusi diqqət ayırması da təsadüfi deyil. Çünki son illərdə respublikada müşahidə olunan qeyri-adi hava hadisələri, intensiv yağıntılar, temperatur dəyişiklikləri və quraqlıqla bağlı narahatlıqlar aqrar sektora birbaşa təsir göstərir.

Müşavirədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su potensialı ilə bağlı səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın su ehtiyatlarının, təxminən, 25 faizi məhz bu bölgələrdə formalaşır. İşğal dövründə həmin resurslardan istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı Azərbaycanın kənd təsərrüfatına ciddi zərbə vurulması bu gün də yaxşı xatırlanır. Hazırda isə azad edilmiş ərazilərdə həyata keçirilən su layihələri həm regionun dirçəldilməsi, həm də, ümumilikdə, ölkənin ərzaq təhlükəsizliyi baxımından böyük strateji əhəmiyyət daşıyır.

Suqovuşan, Sərsəng, Xaçınçay, Zabuxçay və Köndələnçay su anbarlarının yenidən qurulması, Bərgüşad və Həkəri su anbarlarının tikintisi Qarabağ və Şərqi Zəngəzurun aqrar potensialının reallaşdırılmasına xidmət edir. Eyni zamanda, bu layihələr həmin bölgələrlə yanaşı, digər rayonların da su ilə təminatına mühüm təsir göstərmək gücünə malikdir. Xüsusilə 8 rayona, eləcə də təxminən, 100 min hektar torpaq sahəsinə su verilməsi planı kənd təsərrüfatı istehsalının genişlənməsi baxımından mühüm perspektivlər açır.

Dövlət başçısının qeyd etdiyi kimi, strateji layihələr sırasında yer alan Şirvan və Qarabağ kanalları yenidən qurularaq tam istifadəyə veriləndən sonra yüz minlərlə hektar torpaq sahəsinin su ilə təmin olunacağı gözlənilir. Lakin burada əsas məsələ təkcə suyun gətirilməsi deyil, həm də onun səmərəli istifadəsidir. Məhz buna görə də müasir suvarma sistemlərinin tətbiqi yeni dövlət proqramının əsas istiqamətlərindən biri olacaq.

Hazırda Azərbaycanda müasir suvarma sistemləri, təxminən, 130 min hektar ərazidə tətbiq edilir. Məqsəd isə bu göstəricini damcı və pilot suvarma texnologiyalarının daha geniş tətbiqi ilə 300 min hektara çatdırmaqdır. Müasir suvarma sistemləri həm su itkilərini minimuma endirir, həm torpağın şoranlaşmasının qarşısını alır, həm də məhsuldarlığı ciddi şəkildə artırır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşavirədə səsləndirdiyi rəqəmlər də görülən işlərin miqyasını aydın şəkildə canlandırır. Təkcə 2025-ci ildə 1 milyon 485 min hektar sahənin suvarma suyu ilə təmin edilməsi, milyonlarla kubmetr həcmində təmizləmə işlərinin aparılması, minlərlə hidrotexniki qurğunun təmiri dövlətin bu sahəyə nə qədər böyük resurs ayırdığını nümayiş etdirir.

Bununla yanaşı, müşavirədə vurğulanan ən vacib məsələlərdən biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun formalaşdırılmasıdır. Ekspertlərin fikrincə, bu, son dərəcə aktual və strateji yanaşmadır. Çünki iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bəzi ənənəvi əkin modellərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Gələcəkdə hansı bölgədə hansı məhsulun yetişdirilməsinin daha məqsədəuyğun olması isə torpaq amili ilə yanaşı, həm də su balansının müəyyənləşdirilməsi ilə bağlıdır.

Bu baxımdan pambıqçılıq, taxılçılıq, intensiv bağçılıq və istixana təsərrüfatlarının inkişafı ilə əlaqədar nəzərdə tutulan yeni hədəflər də diqqət çəkir. Pambıq əkini sahələrinin optimallaşdırılması fonunda məhsuldarlığın artırılması, intensiv bağların genişləndirilməsi və istixana təsərrüfatlarının böyüdülməsi daha səmərəli aqrar modelin formalaşdırıldığını göstərir.

Bu gün Azərbaycan postneft dövrünün iqtisadi modelini formalaşdırır. Bu modeldə kənd təsərrüfatı xüsusi yer tutur. Çünki aqrar sektor həm məşğulluğun təmin edilməsində, həm regionların sosial inkişafında, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır. Eyni zamanda, kənd təsərrüfatı sosial sabitliyin və kənd yerlərində yaşayışın qorunmasının əsas təminatçılarından biridir.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə göstərdi ki, dövlət aqrar sahənin problemlərini real şəkildə qiymətləndirir və yeni çağırışlara uyğun çevik siyasət həyata keçirir. Bu mərhələnin əsas məqsədi isə təkcə daha çox məhsul istehsal etmək deyil, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və müasir aqrar sistem qurmaqdan ibarətdir. Mövcud qlobal çağırışlar fonunda isə bu, Azərbaycanın iqtisadi təhlükəsizliyi və milli inkişaf strategiyası baxımından həyati əhəmiyyət daşıyır.

Əbdülrəhim DADAŞOV,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirənin keçirilməsi aqrar sektorun ölkənin sosial-iqtisadi inkişaf gündəliyində strateji mövqeyini bir daha göstərir. Müşavirədə dövlət başçısı kənd təsərrüfatının inkişafına dair hazırlanan yeni Dövlət Proqramını hərtərəfli, konkret, qısamüddətli və həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə edən sənəd kimi yüksək dəyərləndirərək bildirib ki, belə bir yanaşma sözügedən sahədə növbəti mərhələnin daha çox məhsuldarlıq, səmərəlilik, özünütəminetmə və investisiya fəallığı üzərində qurulacağını göstərir.

Toplantıda aqrar sektorda “keyfiyyət və məhsuldarlıq artımı” mərhələsinə keçidin zəruriliyi əsas mesajlardan biri kimi daha çox diqqət çəkib. Çünki son 20 ildə regionlarda reallaşdırılan infrastruktur layihələri kənd təsərrüfatı üçün mühüm baza formalaşdırıb. Qazlaşma, elektrik təchizatı, avtomobil yolları, su anbarları və kanalların inşası kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsinə, fermerlərin istehsal imkanlarının artmasına və bölgələrdə məşğulluğun dəstəklənməsinə əlverişli şərait yaradıb.

2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bunun 6 milyard 748,5 milyon manatı bitkiçilik, 7 milyard 441 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. 2025-ci ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatı istehsalı 0,9 faiz artıb. Kənd təsərrüfatı məhsulunun strukturunda bitkiçiliyin payı 47,6 faiz, heyvandarlığın payı isə 52,4 faiz təşkil edib.

Aqrar sektorun makroiqtisadi və sosial əhəmiyyəti onun ÜDM və məşğulluqdakı payında da müşahidə edilib. 2025-ci ildə kənd və meşə təsərrüfatlarında, eləcə də balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsulunda payı 5,9 faiz olub. Eyni zamanda, Azərbaycan əhalisinin 45,6 faizinin kənd yerlərində yaşaması, kənd və meşə təsərrüfatlarının, eyni zamanda, balıqçılığın ümumi məşğulluqda payının 35 faizə çatması aqrar sektorun regionların inkişafı və sosial rifah baxımından xüsusi çəkisini yüksəldib.

Müşavirədə qeyd edilib ki, ölkənin pambıqçılıq, meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, üzümçülük, heyvandarlıq və balıqçılıq kimi sahələrində emal güclərinin artırılması qeyri-neft ixracının genişləndirilməsi üçün mühüm istiqamətlərdən biridir. Bu yanaşma, eyni zamanda, aqrar siyasətdə intensiv artıma keçidin əsas göstəricisidir.

Əgər əvvəlki mərhələlərdə əsas məsələ əkin sahələrinin genişləndirilməsi və istehsalın bərpası idisə, indiki şəraitdə əsas prioritet eyni torpaq, su və əmək resursları ilə daha çox məhsul əldə etməkdir. Bu isə dəqiq əkinçilik, torpaq analizləri, peyk məlumatları, süni intellekt, müasir suvarma sistemləri, keyfiyyətli toxum və gübrə təminatı kimi amillərin daha çox diqqətdə saxlanılmasını tələb edir.

Vaqif BAYRAMOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr