AZ

CAR da keçirilən rəsmi qəbulda Bakının WUF13 ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) Səfirliyi tərəfindən paytaxt Pretoriyada rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə CAR-ın müxtəlif nazirliklərinin baş direktorları, XİN-nin rəhbər və məsul əməkdaşları, ölkədə akkreditə olunan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və regional duayenlər, ölkədə nüfuzlu media və ictimai dairələrin təmsilçiləri, iri şirkətlərin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edən müvəqqəti işlər vəkili Hüseyn Rəhimli 28 may 1918-ci ildə əsası qoyulmuş və bu il 108-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu diqqətə çatdırıb. O, AXC-nin müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini və Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verdiyini qeyd edib. Bildirilib ki, qısa müddət ərzində AXC hökuməti formalaşdırılıb, habelə əsas dövlət atributları olan himn və bayraq təsis edilib, eləcə də dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edilib. Müvəqqəti işlər vəkili bugünkü müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri yaşadaraq daha da inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırıb. Diplomatik missiyamızın rəhbəri ötən əsrin sonunda SSRİ-nin süquta uğramasından və müstəqilliyimizin yenidən bərpa olunmasından sonra müşahidə edilən çətin dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artdığını qeyd edib. H.Rəhimli uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və ölkəmizin istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrildiyini xüsusi vurğulayıb. O, 30 il ərzində erməni işğalı altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şücaətli, mətin Ordumuz tərəfindən azad edildiyini, eləcə də hazırda üçrəngli Bayrağımızın Qarabağın bütün şəhərlərində dalğalanmasının qürur hissi yaratdığını söyləyib.

Çıxışda Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla ev sahibliyi etməsi xüsusi qeyd edilib.

Çıxış edən CAR-ın Torpaq bölgüsü və mülkiyyət islahatı nazirliyinin Baş direktorunun müavini Terries Selani Ndove Hökumətin adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və bununla əlaqədar ən xoş arzularını çatdırıb. O, ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini söyləyərək, Azərbaycanın əldə etdiyi uğurların sevindirici olduğunu, müstəqilliyinin 108-ci ildönümünü qeyd edən Azərbaycanın təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini, öz ölkəsinin müxtəlif sahələrdə mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, o cümlədən Bakıda uğurla keçirilən WUF13 tədbirinin əhəmiyyətini vurğulayıb.

Çıxış edən WUF13-ün iştirakçısı, CAR nümayəndə heyətinin başçısının müavini, Məskunlaşma məsələləri üzrə nazirliyin Baş Direktoru Alek Moemi öz təbriklərini çatdırıb. O, Azərbaycanda olduğu müddət aldığı xoş təəssüratlarını bölüşüb, ölkəmizə səfərini, habelə WUF13-də iştirakını, eləcə də Bakıda keçirdiyi xoş dəqiqələri heç vaxt unutmayacağını və yaddaşında əbədi qalacağını qürur hissi ilə söyləyib. Ölkəmizin qədim tarixə malik olduğunu və Odlar yurdu kimi tanındığını söyləyən A.Moemi Bakıda UNESCO-nun Ümumdünya irs siyahısına daxil olunan bir sıra tarixi abidələrin olduğunu bildirib. Baş direktor WUF13-ün yüksək səviyyədə keçirilməsi ilə ölkəmizin beynəlxalq şəhərsalma məsələlərinə dair tutduğu mövqeyinin və mükəmməl təşkilatçılığının parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
azertag.az

4Mənbələr