AZ

Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

BAKI, 27 may. TELEQRAF

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən Haaqa şəhərində rəsmi ziyafət təşkil olunub.

Teleqraf səfirliyə istinadla xəbər verir ki, tədbirdə, habelə Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası diqqət mərkəzində olub.

Tədbir yenicə təsis olunmuş Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatı ilə də yadda qalıb.

Rəsmi ziyafətdə Niderlandın Kral Sarayının, hökumətin, parlamentin, əyalətlərin və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbər şəxsləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, dini icmaların təmsilçiləri, həmçinin Azərbaycan diasporunun üzvləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs etmiş, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Diplomat Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə və beynəlxalq miqyasda orta gücə çevrildiyini vurğulamış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən təşəbbüs və səylər barədə məlumat verib.

M.Əhmədzadə çıxışında Azərbaycan ilə Niderland arasında son dövrlərdə intensivləşən siyasi dialoq, yüksək səviyyəli görüşlər, qarşılıqlı səfərlər, ticarət dövriyyəsi və investisiya qoyuluşundakı artım, humanitar sahələrdə mübadilələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib. O, bir neçə gün öncə nüfuzlu şirkətlərin təşəbbüsü ilə təsis olunmuş Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatının da tədbir çərçivəsində keçiriləcəyini bildirərək, bunu iki ölkə arasındakı münasibətlərin inkişafının mühüm göstəricisi kimi dəyərləndirib.

Diplomat, həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasını və Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil edilməsini xüsusi qeyd edib. O, Niderlandın forumda geniş nümayəndə heyəti ilə iştirakını yüksək qiymətləndirmiş, forumun təşviqi məqsədilə Niderlandın müxtəlif əyalət və şəhərlərinə səfərləri zamanı Azərbaycan bayrağının rəsmi binalar önündə dalğalandırılmasını dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Daha sonra əsas qonaq qismində Niderland Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Veststrate çıxış edərək Azərbaycan dilində Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmışdır. O, Azərbaycanı Niderland üçün mühüm tərəfdaş kimi xarakterizə etmiş, son dövrlərdə əlaqələrdə ciddi dinamikanın müşahidə olunduğunu, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlərin buna mühüm töhfə verdiyini vurğulamışdır. E.Veststrate Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə etmişdir. E.Veststrate iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin əsas sütunlarından biri olduğunu bildirərək, çoxsaylı iqtisadi sahələrdə qarşılıqlı faydalı əlaqələrin olduğunu, Azərbaycanda Niderland şirkətlərinin uğurla fəaliyyət göstərdiyini və yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının bu tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd etmişdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu fonunda ölkənin mühüm beynəlxalq tədbirlər platformasına çevrildiyini qeyd etmiş, bir neçə gün əvvəl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil olunduğunu, cari il ərzində Minatəmizləmə fəaliyyəti üzrə 4-cü beynəlxalq konfransın da keçiriləcəyini bildirmişdir.

Tədbirdə digər əsas qonaq qismində çıxış edən Haaqa şəhərinin meri Yan van Zanen Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmış, WUF13 çərçivəsində Niderland nümayəndə hyeətinin rəhbəri kimi Bakıya səfəri ilə bağlı təəssüratlarını bölüşmüşdür. O, forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Niderlandın tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyini qeyd etmişdir. Mer forum çərçivəsində keçirilmiş müzakirələrin əhəmiyyətini xüsusi vurğulamışdır. O, Azərbaycanın inkişafının, Bakının zəngin tarixi-mədəni irsinin, eləcə də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensialın onda dərin təəssürat yaratdığını bildirmişdir. Yan van Zanen Azərbaycan-Niderland Ticarət Palatasının yaradılmasının iqtisadi sahələrdə əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm hadisə olduğunu qeyd etmişdir.

Daha sonra Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbir çərçivəsində yeni təsis olunmuş Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatı keçirilmişdir. Təqdimatda Palatanın təsisçi üzvləri olan NEQSOL Holding, Royal Dutch LV Logistics, Damen Shipyards, Royal Haskoning, Signify, Van Oord, TAMM Solutions, TRAST BV, AZ Legal Services və BDO şirkətlərinin rəhbər şəxsləri iştirak etmişlər. Palatanın İdarə Heyətinin sədri, Royal Dutch LV Logistics şirkətinin baş icraçı direktoru Arjan Bos, həmçinin İdarə Heyətinin üzvləri - NEQSOL Holding şirkətinin maliyyə direktoru və NEQSOL Holding Azerbaijan-ın rəhbəri İmran Əhmədzadə, eləcə də TRAST şirkətinin regional meneceri Paul Gielen çıxış etmişlər.

Natiqlər qeyd etmişlər ki, təsisçi şirkətlərin əksəriyyəti uzun illərdir Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığa mühüm töhfələr verir və genişmiqyaslı layihələrin icrasında iştirak edirlər. Bildirilmişdir ki, Palatanın yaradılmasında əsas məqsəd iki ölkə arasında böyük potensiala malik iqtisadi əməkdaşlığın inkişafı üçün institusional platforma formalaşdırmaq, biznes dairələri arasında əlaqələri genişləndirmək və yeni tərəfdaşlıqların qurulmasına dəstək verməkdir. Eyni zamanda, Palatanın digər şirkətlərin üzvlüyünə də açıq olduğu diqqətə çatdırılmışdır.

Tədbirin mədəni hissəsində Amsterdam şəhərindən olan “Watergang Kwartet” musiqi qrupu çıxış etmişdir. Bir müddət əvvəl qrupun Azərbaycan xalq mahnısı “Qalalı”nı özünəməxsus üslubda ifa etməsi sosial şəbəkələrdə geniş maraq doğurmuşdur. Qrup tərəfindən tədbir üçün Azərbaycan və Niderland musiqi ənənələrindən ibarət xüsusi proqram hazırlanmış, bunun xalqlarımız arasında dostluq münasibətlərinin rəmzi olduğu vurğulanmışdır. Konsert proqramında Azərbaycan xalq mahnısı “Qalalı”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”, “O olmasın, bu olsun” operettasından “Darçını” rəqsi, Fikrət Əmirovun “Göygöl” əsəri, eləcə də Pieter Goemansın “Aan de Amsterdamse Grachten” (Amsterdam kanalları boyunca) əsəri səsləndirilmiş və qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Seçilən
0
4
teleqraf.com

5Mənbələr