AZ

Ölkədə qızıl hasilatında şok azalmanın səbəbi

“AzerGold”un məlumatına görə, qızıl hasilatındakı azalma açıq yataqlarda suxurların fiziki göstəricilərindən asılıdır

Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə qızıl istehsalı 19,5 faiz azalaraq 826 kiloqram (26 559 unsiya) təşkil edib. Mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 30,4 faiz artaraq 84,1 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 4,9 faiz azalaraq 1 304,8 kiloqram (41 955 unsiya) təşkil edib. Mayın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 491,3 kiloqram qeydə alınıb.

Bu dövrdə mis konsentratının istehsalı 13,4 dəfə artaraq 9013,2 tona çatıb.

2026-cı ilin ilk ayları üzrə açıqlanan bu statistik göstəricilər Azərbaycanda qızıl hasilatında yenidən azalmanın başladığını göstərir. Belə ki, Azərbaycanda qızıl və gümüş hasilatı 2023-2024-cü illərdə kəskin azalmışdı. 2024-cü ildə ölkədə 378,8 ton mis konsentrantı (2023-cü illə müqayisədə 5,6 dəfə az), 3184,9 kq gümüş (14 faiz az), 2663,5 kq qızıl (3,5 faiz az) istehsal olunub. Əlvan və qiymətli metalların istehsalındakı bu azalmanın əsas səbəbi 2023-cü ildə Gədəbəydə ekoloji məsələlərə görə başlanan ictimai etirazlarla bağlı rayonda qızıl və gümüş istehsalı ilə məşğul olan şirkətin fəaliyyətini dayandırmasıdır. Belə ki, Gədəbəydə hasilatla məşğul olan  Böyük Britaniyanın Azərbaycandakı şirkəti “Anglo Asian Mining plc”nin rayon ərazisində qızıl hasilatında istifadə olunan zərərli kimyəvi maddələrin tullantılarını toplamaq üçün yeni göl yaratması əhali tərəfindən etirazla qarşılanıb. Kəndlərin sakinləri narazılıqlarını kütləvi etiraz aksiyası ilə bəyan ediblər. Hökumət və dövlət qurumları məsələyə müdaxilə etdikdən sonra ərazidə hasilat müvəqqəti olaraq dayandırılıb. Daha sonra hasilatçı şirkətdən ekoloji zərərin minimuma endirilməsi istiqamətində əlavə təminatlar alınmaqla yeni tullantı yeri yaratmasına icazə verilib. Bundan sonra 2024-cü ilin son iki rübündən “Anglo Asian Mining plc” istehsalı bərpa edib.

Nəticədə ötən il Azərbaycanda qızıl istehsalı 11,3 faiz artaraq 2965,1 kiloqram (təxminən 95 min 330 unsiya) təşkil edib. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, cari il yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq 43,5 kiloqram olub.

Bu ilin yanvar ayında isə ölkədə 207.8 kq qızıl istehsal edilmişdi. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artım deməkdir. Lakin ikiaylıq göstəricilərdə azalma qeydə alınmağa başlayıb. Rəsmi statistika yanvar-fevrlada 406,6 kq və ya illik ifadədə 15 faiz az qızıl, 681,4 kq və ya 12,3 faiz az gümüş istehsalını açıqlayıb. Dövlət Statistika Komitəsi bəyan edib ki, birinci rübdə ölkədə qızıl hasilatı daha çox - 19,8 faiz azalmaqla 603,1 kq (təxminən 19 min 390 unsiya), gümüş hasilatı isə 14,4 faiz azalmaqla 972,1 kq (31 min 253,7 unsiya) təşkil edib.

Azərbaycanda qızılın hasilatı və ixracı ilə Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti və dövlətə məxsus AzərGold QSC məşğuldur.

“Anglo Asian Mining PLC”-nin yaydığı məlumata görə, şirkət 2025-ci ildə qızıl hasilatını 10 min unsiyadan çox artırmaqla 25,061 min unsiyaya çatdırıb. Bundan əlavə, 2025-ci ildə şirkətin gümüş hasilatı 153,333 min unsiya, mis hasilatı isə 7,915 min ton təşkil edib.

“AzerGold” QSC hasilat göstəricilərini deyil, ixrac və satış göstəricilərini açıqlayır. QSC 2025-ci ildə 225,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü illə müqayisədə 58,6 milyon dollar və ya 35,06  faiz çoxdur.

Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüş satışı həyata keçirdiyini açıqlayıb. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43 faiz çoxdur.

Şirkətin açıqlamasından aydın olur ki, birinci rübdəki qızıl hasilatının 6062 unsiyası “Anglo Asian Mining PLC” şirkətinin payıdır. Çox maraqlıdır ki, bu şirkət birinci rübdə gümüş hasilatının 41,2 faiz artmaqla 42 min 796 unsiya təşkil etdiyini açıqlayıb. Bu isə rəsmi statistikanın bütün ölkə üzrə açıqladığı həcmdən (31 min 253,7 unsiya) çoxdur. Həmçinin “AzerGold” QSC-dən “Yeni Müsavat”ın sorğusuna verilən cavabda bu ilin yanvar-aprel aylarında 34,437 unsiya və ya 1071,124 kq gümüş istehsal edildiyi bildirilir. Bu, 33,288 unsiya və ya 1035,368 kq istehsalın qeydə alındığı 2025-ci ilin eyni dövründəkindən 3 faiz artım deməkdir.

QSC-nin qızıl hasilatında isə azalma var. Belə ki, 2026-cı ilin 4 ayında bu göstərici 20,106 unsiya və ya 625 kq 354 q təşkil edib. Bu isə ötən ilin 4 ayındakı 25,273 unsiya və ya 786 kq 80 qramdan 20 faiz azdır.

“AzerGold”dan “Yeni Müsavat”a verilən məlumata görə, qızıl hasilatındakı azalma açıq yataqlarda suxurların fiziki göstəricilərindən asılıdır. Suxurların qazıntısı və emalı zamanı qızılla zənginlik fərqli olan laylara çıxılır. Bu isə müəyyən dövrdə daha az xalis qızıl əldə olunmasına səbəb olur. QSC-də əmindirlər ki, ilin sonunadək qarşıya qoyulan hasilat proqnozuna tam əməl olunacaq.

Ötən ilin eyni dövründə ikinci qızıl hasilatçısı “Anglo Asian Mining PLC” 6058 unsiya qızıl hasil edib. Gümüş hasilatı isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artaraq 30,321 min unsiya təşkil edib. Bu dövrdə ölkə üzrə ümumi qızıl hasilatı 75,3 faiz artaraq 24 min 93 unsiya, gümüş hasilatı isə 35,3 faiz artaraq 36 min 520 unsiyaya bərabər olub.

Qızıl qiymətlərinin rekord həddə çatdığı bir zamanda hasilatın azalması, əlbəttə, Azərbaycan üçün gəlir itkisi deməkdir. “AngloAsian Mining” şirkətinin açıqladığı məlumata görə, yanvar-mart aylarında qızıl külçələrin satışı bir unsiya üçün orta hesabla 4 728 ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci rübü ərzində bir unsiya üçün orta satış qiyməti 2 843 ABŞ dollarına bərabər olmuşdu.

Məhz qızıl və gümüşün qiymətindəki kəskin artım bu ilin ötən dövründə bu qiymətli metalların satışından gəlirlərin artımını təmin edib. “AzərGold” QSC-nin açıqladığı məlumata görə, 2026-cı ilin birinci rübündə beynəlxalq və yerli bazarlarda 12 min 284 unsiya qızıl və 22 min 53 unsiya gümüş satıb. QSC-nin satış gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 102,4 milyon manata çatıb.

Ölkənin mədən sənayesində müsbət tendensiya kimi mis hasilatındakı kəskin artımı qeyd etmək olar. Bu metalın istehsalı həm dövlət-özəl tərəfdaşlığı, həm də özəl sektorda sürətlə artır. Bu isə Azərbaycanın alternativ enerji istehsalı sektorunda rolu getdikcə artan mis istehsalında yüksək səviyyəyə nail olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
53
musavat.com

1Mənbələr