AZ

İrəvan aeroportundan verilən mesaj: Paşinyanı Putinin qəzəbindən qoruyacaq?

Mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri çərçivəsində ABŞ ilə Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Marko Rubio imzalayıb. Tərəflər, həmçinin TRIP layihəsi çərçivəsində əməkdaşlıq haqqında çərçivə sazişi, mineralların hasilatı və emalı sahəsində çərçivə memorandumuna da imza atıblar. Sənədlərin imzalanma mərasimi İrəvanın "Zvartnots" hava limanında baş tutub. 

Paşinyan hakimiyyətinin ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməkdə məqsədi seçkilər ərəfəsində özünü Rusiya təsirindən sığortalamaqdır? 

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Rubionun İrəvana səfəri Moskvaya mesajıdır:

“Əlbəttə ki, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri diqqət mərkəzindədir. Bu səfər səbəbsiz baş tutmayıb. Qeyd edim ki, Rubionun İrəvana səfəri barədə əvvəlcədən məlumat verilməmişdi. Səfər anidən baş tutdu. Səfərin Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində baş tutması xüsusi diqqət çəkir. 

Bildiyimiz kimi, hazırda Rusiya-Ermənistan münasibətlərində vəziyyət heç də yaxşı deyil və gərginlik hökm sürür. Belə bir halda Rubionun Ermənistana səfəri İrəvanın Rusiyadan uzaqlaşmağa çalışması kimi dəyərləndirilir. 

Eyni zamanda, bəzi ekspertlər hesab edirlər ki, bu səfər seçkilər ərəfəsində ABŞ-nin Paşinyan hakimiyyətinə dəstək vermək və Ağ Evin Paşinyanın yanında olduğunu göstərməyə hesablanıb. İstənilən halda Rubionun səfəri və ABŞ ilə strateji tərəfdaşlıq xartiyasının imzalanması Moskvanın İrəvana qəzəbini daha artıracaq”. 

O ki qaldı Ermənistanın ABŞ ilə daha da yaxınlaşmasının onu Rusiyanın qəzəbindən qoruya biləcəyinə dair suallara ekspert bildirib ki, bu, ciddi məqamdır:

“Əgər Kreml İrəvana qarşı bu və digər şəkildə təzyiq metodlarını işə salarsa, bu təzyiq fonunda Vaşinqton Ermənistanın yanında olacaq və imkanları daxilində Paşinyan hakimiyyətinə dəstək verəcək. 

Amma tam şəkildə sığortalanmağa gəlincə, bu barədə dəqiq proqnoz vermək qeyri-mümkündür. Amma hər halda Rubionun İrəvana səfəri Moskvaya mesajıdır, yəni Ermənistan ABŞ-nin diqqət mərkəzindədir”.

Seçilən
44
cebheinfo.az

1Mənbələr