AZ

Moskva–Bakı dialoqunun gündəliyi zənginləşir

Qaluzin–Mustafayev görüşü ortaq maraqları gündəmə gətirib

Son dövrlər Rusiya ilə Azərbaycan arasında münasibətlər yumşalma mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi dialoqun və yüksək səviyyəli təmasların davam etdirilməsinə xüsusi önəm verdiklərini nümayiş etdirir, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivlərini müzakirə edirlər.

Bu çərçivədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin mayın 25-də Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşü diqqəti cəlb edir. Rusiya XİN-in bununla bağlı yaydığı məlumatda bildirilib ki, görüş zamanı Rusiya–Azərbaycan gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşıdakı yüksək səviyyəli təmaslarla bağlı mövqelər dəqiqləşdirilib. İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının əhəmiyyəti ətraflı müzakirə olunub.

Tərəflərin Rusiya–Azərbaycan müttəfiqlik əməkdaşlığının çoxtərəfli və hərtərəfli şəkildə daha da möhkəmləndirilməsi, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın dayaqlarının gücləndirilməsi məqsədilə birgə işi davam etdirmək niyyətində olduqları vurğulanıb.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı marşrutu üzrə 8243 nömrəli sərnişin reysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” təyyarəsinin Rusiya səmasında onun hava hücumundan müdafiə sistemlərinə məxsus raketlə vurulmasından sonra Azərbaycanla Rusiya arasında münasibətlərdə soyuqluq yaranmışdı. Ötən müddətdə Rusiya tərəfi münasibətləri qaydaya salmaq istiqamətində cəhdlər göstərib. Bu məqsədlə Rusiya XİN-in müavini M.Qaluzin bir neçə dəfə Bakıya səfər edib. Səfərlərin sonuncusu 2026-cı il aprelin 14-də baş tutub. Həmin gün Qaluzini xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi. Görüşlə bağlı Azərbaycan XİN-in yaydığı açıqlamada Bayramov və Qaluzinin Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektlərini, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdikləri qeyd olunmuşdu. Aprelin 15-də Azərbaycan və Rusiya XİN-lərinin birgə bəyanatında bildirilirdi: “Azərbaycan və Rusiya prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbə şəhərində görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər. Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir”. Qeyd edilmişdi ki, Azərbaycan–Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Bəyanatın yayımlanmasından bir sutka keçməmiş – Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilmiş, dövlət komissiyasının həmsədrləri – Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və onun azərbaycanlı həmkarı Şahin Mustafayevin sədrliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilmişdi.

***

İndi isə M.Qaluzinin R.Mustafayevlə görüşü göstərir ki, tərəflər son aylarda intensivləşən diplomatik təmasların davam etdirilməsində və münasibətlərin daha sabit məcraya qaytarılmasında maraqlıdırlar. Görüşün məhz Moskva ilə Bakı arasında münasibətlərin mərhələli şəkildə normallaşdırılması fonunda keçirilməsi diqqət çəkir. Son dövrlər həm siyasi kanallar, həm də iqtisadi və humanitar platformalar üzrə qarşılıqlı əlaqələrin aktivləşməsi iki ölkənin mövcud problemləri dialoq və koordinasiya vasitəsilə həll etməyə çalışdığını göstərir.

Rusiya XİN-in yaydığı məlumata əsasən, görüş zamanı ilk növbədə “Rusiya–Azərbaycan gündəliyinin aktual məsələləri ətrafında” fikir mübadiləsi aparılıb. Bu ifadə praktik olaraq tərəflərin münasibətlərdə həssas hesab olunan mövzuları da müzakirəsinə işarə edir. Bura təhlükəsizlik məsələləri, regional proseslər, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, həmçinin son dövrdə münasibətlərdə müəyyən gərginlik yaradan məsələlərin daxil olduğu ehtimal edilir. Xüsusilə Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda Moskva və Bakı arasında koordinasiyanın qorunması hər iki tərəf üçün əhəmiyyətlidir. Görüşdə “qarşıdakı yüksək səviyyəli təmaslarla bağlı mövqelərin dəqiqləşdirilməsi” ifadəsi ayrıca qeyd olunub. Bu, yaxın dövrdə prezidentlər, hökumət üzvləri və ya digər yüksək vəzifəli şəxslər səviyyəsində yeni görüşlərin mümkünlüyünü göstərən diplomatik mesaj kimi qiymətləndirilə bilər. Adətən belə formullar tərəflərin siyasi dialoqu davam etdirmək niyyətində olduğunu və münasibətlərin yalnız texniki səviyyədə deyil, strateji müstəvidə də müzakirə olunduğunu göstərir.

Müzakirələrin mühüm hissəsini ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri təşkil edib. Son illərdə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi, logistika marşrutları və enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Şimal–Cənub nəqliyyat dəhlizi, regional tranzit imkanları və qarşılıqlı investisiya layihələri tərəflərin gündəmində xüsusi yer tutur. Bu baxımdan görüşdə iqtisadi münasibətlərin gələcək inkişaf perspektivlərinin də nəzərdən keçirildiyi aydın görünür.

Rusiya XİN-in açıqlamasında mədəni-humanitar əlaqələrin tam həcmdə bərpasının vacibliyinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Son vaxtlar siyasi münasibətlərdə yaşanan gərginlik humanitar sahədəki təmaslara da müəyyən təsir göstərmişdi. Tərəflərin bu istiqaməti ayrıca vurğulaması təhsil, elm, mədəniyyət və ictimai platformalar üzrə əməkdaşlığın yenidən aktivləşdirilməsinin prioritet hesab olunduğunu göstərir. Bununla yanaşı, görüşdə Cənubi Qafqaz və Xəzər regionunda sülh, sabitlik və əməkdaşlıq məsələlərinin qabardılması Moskva ilə Bakının regional təhlükəsizlik məsələlərində dialoqu davam etdirmək niyyətini nümayiş etdirir. Xüsusilə regionda yeni siyasi və iqtisadi balansın formalaşdığı bir dövrdə tərəflərin qarşılıqlı təmasları qorumağa çalışması diqqətçəkən məqamlardan biri kimi qiymətləndirilir.

Siyasi şərhçi Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, M.Qaluzinlə R.Mustafayev arasında keçirilən görüş Bakı və Moskvanın münasibətlərdə yaranmış soyuqluğun tədricən istiləşməsində maraqlı olduğunu göstərir. Onun sözlərinə görə, tərəflər son aylarda praktik əməkdaşlıq mövzularına üstünlük verməyə çalışırlar: “Görüşdə həm yüksək səviyyəli təmasların müzakirəsi, həm də humanitar əlaqələrin bərpasına xüsusi diqqət ayrılması münasibətlərin tədricən normallaşdırılması xəttinin davam etdiyini göstərir. Burada əsas məqamlardan biri odur ki, tərəflər problemlərin mövcudluğunu inkar etmirlər, əksinə, onları siyasi dialoq vasitəsilə idarə etməyə çalışırlar. Regional təhlükəsizlik, logistika və iqtisadi əməkdaşlıq kimi sahələr isə münasibətlərin tam pozulmasının qarşısını alan əsas amillər olaraq qalır”.

Səxavət HƏMİD
XQ

Seçilən
49
1
xalqqazeti.az

2Mənbələr