Kremlin “ələkeçirilməsi mümkünsüz” silah kimi təqdim etdiyi Rusiyanın hipersəs raketi “Oreşnik”in ciddi çatışmazlığı - aşağı dəqiqlik problemi üzə çıxıb.
Musavat.com xəbər verir ki, WELT nəşrinin yazdığına görə, raket 10 Max-dan yüksək sürətə malik olsa və hava hücumundan müdafiə sistemləri üçün çətin hədəf sayılsa da, real döyüş şəraitində effektivliyi məhdud olaraq qalır.
Son buraxılış zamanı raket Rusiyanın Kapustin Yar poliqonundan havaya qalxaraq Kiyev vilayətinin Bila Tserkva rayonu yaxınlığına düşüb. Ukrayna hakimiyyəti qaraj kooperativində yanğın baş verdiyini açıqlasa da, ölən və yaralanan olmayıb.
Analitiklər qeyd edirlər ki, Rusiya ordusu bu hücum üçün on milyonlarla dollar dəyərində raketdən istifadə edib, nəticədə isə yalnız ikinci dərəcəli obyektlər zərər görüb.
“Oreşnik” orta mənzilli RS-26 “Rubej” ballistik raketi bazasında hazırlanıb. Raket ümumi çəkisi 1,5 tona qədər olan bir neçə döyüş başlığı daşıya və 5000 kilometrədək məsafəni qət edə bilir. Əsas üstünlüyü hipersəs sürəti və mürəkkəb uçuş trayektoriyasıdır ki, bu da raketin tutulmasını xeyli çətinləşdirir.
Bununla belə, ekspertlər bildirirlər ki, raket atmosferə daxil olarkən ətrafında minlərlə dərəcə temperaturda plazma qatı yaranır və bu qat radio, həmçinin peyk siqnallarını bloklayır. Nəticədə raketin uçuşun son mərhələsində kursunu korrektə etməsində problemlər yaranır və bu da dəqiqliyi azaldır.
Məhz buna görə “Oreşnik” paradoksal silah adlandırılır. Raketi vurmaq olduqca çətindir, lakin ayrı-ayrı hərbi hədəflərə “cərrahi dəqiqliklə” zərbə endirmək qabiliyyəti zəifdir.
Ənənəvi hava hücumundan müdafiə sistemləri, xüsusilə IRIS-T kompleksləri belə hədəflərlə mübarizə üçün nəzərdə tutulmayıb.
Hətta “Patriot” sistemləri də yalnız əlverişli şəraitdə və ən yeni raket-tutucular vasitəsilə bu tip raketləri zərərsizləşdirə bilir.
Qərb ölkələri bu təhlükəyə qarşı “Arrow 3” və THAAD kimi xüsusi ekzoatmosfer tutma sistemləri hazırlayır. Bu sistemlərin məqsədi ballistik raketləri döyüş başlıqlarına ayrılmadan əvvəl, atmosferdən kənarda məhv etməkdir.
Rusiya prezidenti Vladimir Putinin “Oreşnik”in vurulmasının mümkünsüz olması barədə bəyanatlarına baxmayaraq, hərbi mütəxəssislər raketin toxunulmaz olmadığını düşünürlər. Lakin onun məhv edilməsi üçün erkən xəbərdarlıq peyk sistemləri, uzaqmənzilli radarlar və son dərəcə bahalı raket-tutucular tələb olunur.
Mayın 24-nə keçən gecə Ukraynaya qarşı növbəti kütləvi hücum zamanı Rusiya ordusu Belaya Tserkov şəhərinə "Oreşnik" raketini sözügedən "kinetik" variantda atıb.
Analitiklər raketin hədəfdən 80 kilometr yayınması və Kremlin əslində Kiyevi vurmaq istəyib-istəməməsi ilə bağlı ehtimallara da münasibət bildiriblər. Onların fikrincə, əsas hədəf Kiyev vilayətində yerləşən hərbi obyektlərdən biri və ya aerodrom olub.
ISW analitikləri Rusiyanın Ukraynaya eyni vaxtda iki “Oreşnik” orta mənzilli ballistik raketi buraxmış ola biləcəyini də istisna etmirlər. Ehtimala görə, raketlərdən biri nasazlıq səbəbindən havada sıradan çıxaraq Donetsk vilayətinin işğal olunmuş ərazisinə düşüb.
Musavat.com