ain.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycanda qadınların pensiya kapitalının artırılması məsələsi son illər daha çox müzakirə olunan sosial-iqtisadi mövzulardan birinə çevrilib. Ekspertlər hesab edir ki, qadınların əmək bazarında qarşılaşdığı çətinliklər, qeyri-rəsmi məşğulluq və analıq dövründə iş fəaliyyətindən uzaq qalması gələcək pensiya təminatına ciddi təsir göstərir.
Bəs qadınların pensiya kapitalının artırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda qadınların pensiya kapitalının artırılması mümkündür, lakin bu məsələyə yalnız sosial yardım prizmasından deyil, iqtisadi model kimi yanaşmaq lazımdır.

“Hazırda qadınların böyük hissəsi ya qeyri-rəsmi çalışır, ya da real gəlirindən daha aşağı əməkhaqqı ilə rəsmiləşdirilir. Nəticədə onların sosial sığorta ödənişləri az olur və gələcək pensiya kapitalları zəif formalaşır.
Analıq və uşağa qulluq dövrü də qadınların pensiya təminatına təsir edən əsas amillərdəndir.
Qadınlar müəyyən müddət əmək bazarından uzaq qalır və bu da sığorta stajına təsir edir. Hesab edirəm ki, dövlət bu dövrlər üzrə əlavə sosial sığorta dəstəyi mexanizmləri tətbiq etməlidir. Əks halda qadınlar yaşlılıq dövründə daha ciddi maliyyə riskləri ilə üzləşə bilərlər”.
Asif İbrahimov vurğulayıb ki, qadınların iqtisadi aktivliyinin artması onların sosial təminatını da gücləndirir:
“Mən uzun illər müxtəlif idarəetmə və iqtisadi layihələrdə çalışarkən gördüm ki, qadınların iqtisadi aktivliyi artdıqca onların sosial təminatı da güclənir. Yəni məsələ təkcə pensiya yaşında deyil, əmək bazarına çıxış imkanlarında başlayır”.
Ekspert hesab edir ki, qadın sahibkarlığının inkişafı, rəqəmsal məşğulluq imkanlarının artırılması, evdən işləmə modellərinin genişlənməsi və rəsmi əmək münasibətlərinin təşviqi gələcəkdə qadınların pensiya kapitalına birbaşa müsbət təsir göstərəcək.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.