İşğaldan azad olunmuş Ağdam şəhərində Qurban bayramı namazı qılınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Cümə məscidində keçirilən bayram namazı xüsusi duyğularla yadda qalıb. Vaxtilə işğalın ağrı-acısını yaşamış Ağdam bu dəfə bayram səhərinə dualar, təkbirlər və insanların sevinc dolu addımları ilə oyanıb. Əvvəlki illərdən fərqli olaraq, doğma yurda qayıdan sakinlər də bayram namazında iştirak ediblər.
Namaz zamanı xalqımızın birliyi, dövlətimizin qüdrəti və ölkəmizin əmin-amanlığı üçün dualar edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.
Ağdamda qılınan bu bayram namazı təkcə dini ibadət deyil, həm də qayıdışın, dirçəlişin və böyük Zəfərin mənəvi rəmzi kimi qiymətləndirilib.