AZ

Şəxsi büdcədə qənaət və əyləncə arasında balansı necə qorumalı?

Planlaşdırılmamış alış-verişlər çox vaxt yalnız maliyyə sabitliyi üçün təhlükə kimi qəbul edilsə də, əslində, ağlabatan çərçivədə onlar insanın emosional rahatlığını qorumağa kömək edir.

 

Bu barədə maliyyə məsləhətçisi Olqa Matveyeva "Qazeta.Ru" nəşrinə açıqlamasında bildirib.

 

"İnsan özünə məcburi olmayan xərcləri tamamilə qadağan etdikdə, psixoloji gərginlik artır və maliyyə nəzarəti davamlı məhdudiyyətlərlə əlaqələndirilməyə başlayır. Büdcədə əvvəlcədən kiçik zövqlər, əyləncələr və ya anlıq istəklər üçün xüsusi bir hissənin ayrılması daha effektiv yanaşmadır. Belə olduqda bu cür xərclər səhv kimi qəbul edilmir və pulun idarə olunması sisteminin bir hissəsinə çevrilir. Bundan əlavə, "sərbəst büdcə"nin mövcudluğu emosional alış-veriş riskini azaltmağa kömək edir. İnsan öz limitlərini dərk edir və yorğunluq və ya stresin təsiri altında nadir hallarda bu çərçivədən kənara çıxır", - deyə O.Matveyeva qeyd edib.

 

Ekspert spontan alışlar üçün rahat məbləği necə hesablamağın yollarını izah edib. Bunun üçün ilk növbədə xərclərin üç əsas kateqoriyasını müəyyən etmək lazımdır: məcburi xərclər (mənzil, kommunal xidmətlər, nəqliyyat, ərzaq), yığımlar (maliyyə hədəfləri) və sərbəst xərclər.

 

Hesablama zamanı sadə bir düstura əsaslanmaq olar:

 

Sərbəst büdcə = Gəlir − Məcburi xərclər − Yığım məbləği

 

Maliyyəçinin sözlərinə görə, spontan xərclər üçün limitin düzgün seçildiyini göstərən bir neçə əlamət var:

 

1. Kompensasiyaya ehtiyac qalmır: Alış-verişdən sonra xərcləri məcburi ödənişlərin azaldılması hesabına qarşılamağa ehtiyac yaranmır.

 

2. Yığımlar zərər görmür: Mütəmadi olaraq pul yığmağa davam edirsiniz və şəxsi maliyyə hədəflərinizi pozmursunuz.

 

3. Daxili münaqişə yox olur: Özünü sevindirmək istəyi ilə özünü məhdudlaşdırmaq zərurəti arasındakı davamlı daxili psixoloji gərginlik hissi aradan qalxır.

 

O.Matveyevanın fikrincə, impulsiv alışların strukturunu təhlil etmək də faydalıdır. Çünki bəzən sərbəst büdcənin əhəmiyyətli hissəsini real zövq verməyən lazımsız şeylərə xərcləndiyi məlum olur. Buna görə də bu xərclər kateqoriyasında da maliyyə davranışını optimallaşdırmaq vacibdir.

 

O əlavə edib ki, maliyyə vərdişləri və həyat tərzi fəsillərə görə dəyişir. Adətən yayda səyahət, görüşlər və istirahət xərcləri, payızda təhsil və soyuq mövsümə hazırlıq, bayramlar ərəfəsində isə hədiyyələr və əyləncə xərcləri artır. Maliyyəçi hesab edir ki, gəlirlərin, hədəflərin və mövsümi ehtiyacların dəyişməsini nəzərə alaraq, ən azı bir neçə aydan bir "sevinc büdcəsi"ni yenidən nəzərdən keçirmək optimal addımdır.

 

Oxu.az

Tarix: 27 May 2026, 07:58   
Seçilən
62
pravda.az

1Mənbələr