Vaşinqton ilə Tehran arasında danışıqlar prosesi davam etsə də, tərəflər xüsusi önəm kəsb edən bəzi məsələlərdə, xüsusilə də nüvə proqramı ilə bağlı mövzuda ortaq məxrəcə gələ bilmirlər.
Həm İran, həm də ABŞ öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Qeyd edək ki, tərəflərin nüvə proqramının gələcəyi və sanksiyaların ləğvi məsələlərində konsensus əldə edə bilməməsi səbəbindən ABŞ və İran arasında sülh sazişi üzrə irəliləyiş zəifləyib.
ABŞ tərəfi Tehrandan əvvəlcədən dəqiq nüvə zəmanətləri tələb edir, İran isə Vaşinqtonun sanksiyaların ləğvi prosesi ilə bağlı daha konkret olmasını təkid edir. Ağ Ev narahatdır ki, sanksiyalar yumşaldılan kimi İran nüvə probleminin həllini ləngitməyə başlayacaq.
ABŞ əvvəlcə bütün uranın ABŞ-yə təhvil verilməsi, nüvə obyektlərinin sökülməsi, yalnız ondan sonra sanksiyaların ləğv edilə biləcəyini bildirib. Lakin İran belə bir təklifi rədd edib və sanksiyaların əvvəlcə ləğvi və bir daha tətbiq etməməklə bağlı öhdəlik tələb edir. Məsələ ilə bağlı poitoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, ABŞ ilə İran arasında danışıqlar prosesi mürəkkəb keçir:
.jpg)
“Dolayı danışıqlar prosesində ciddi irəliləyişin olmamasına baxmayaraq, hər iki tərəfin bəzi məsələlərdə ortaq məxrəcə yaxın olması barədə məlumatlar dolaşır. Həm ABŞ-də, həm də İranda, o cümlədən Çində bəzi mənbələr tərəfindən yayılan məlumatlara görə, tərəflər bir çox məsələlərdə ortaq nöqtəyə gəliblər.
Hörmüz boğazının açılması, həmin bölgədə gəmilərin sərbəst hərəkətinin təmini, atəşkəsin 60 gün müddətinə uzadılması, xüsusilə İrandakı uran ehtiyatlarının utilizasiyası ilə bağlı müzakirələrin davam etdirilməsi, hərbi əməliyyatların bütün istiqamətlərdə dayandırılması və bir-birinə qarşı təhdid və güc tətbiq etməməklə bağlı öhdəliklərin götürülməsi kimi məsələlərdə müəyyən razılaşma əldə olunub.
Amma buna baxmayaraq, ABŞ və İran bir-birinə ciddi tələblər irəli sürür. ABŞ İrandan ərazisindəki uran ehtiyatlarının aradan qaldırılmasını və ölkədən çıxarılmasını, İran isə öz növbəsində ABŞ – dən ona qarşı uzun illər tətbiq olunan sanksiyaların ləğvini tələb edir.
Vaşinqton bəyan edir ki, sanksiyaların ləğv olunub-olunmaması İrandakı rejimin davranışından asılı olacaq. Eyni zamanda, Vaşinqton tələb edir ki, İran gələcəkdə nüvə silahına malik olmayacağı ilə bağlı öhdəlik götürməlidir”.
O.Qasımov əlavə edib ki, tərəflər strateji məsələlərdə öz mövqeyində qalmaqda qərarlıdır:
“Bir tərəfdən danışıqlar davam edir, digər tərəfdən isə hərbi eskalasiya riski qalmaqdadır. Amma hesab edirəm ki, hər iki tərəf hazırda idarə olunan gərginlik modelinə üstünlük verir”.
Ekspert hesab edir ki, ABŞ ilə İran arasında danışıqlar prosesi üç ssenari üzrə yekunlaşa bilər. “Birincisi, ABŞ ilə İran arasında məhdud çərçivəli anlaşma əldə edilə bilər, bu isə məsələnin tam şəkildə həll edilməsi deyil.
Çünki tammiqyaslı anlaşmaya nail olmaq real görünmür. İkincisi, danışıqlar prosesi qeyri-müəyyən müddətə qədər uzana bilər. Bu, İran üçün sərfəlidir. Üçüncüsü, hərbi eskalasiya riski ehtimalıdır ki, bu da yüksək olmasa da, mümkün görünür.
Həm İran, həm də ABŞ rəhbərliyinin açıqlamalarında sərt ritorika səsləndirilir və təhdidlər müşahidə olunur, amma buna baxmayaraq, tərəflər danışıqları davam etdirməkdə maraqlıdırlar. Bir xüsusi məqamı da nəzərə almaq lazımdır ki, tərəflərin davranışlarını dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür, hər hansı bir məqamda istənlən tərəf, xüsusilə də ABŞ-nin gözlənilməz addım atması istisna deyil”.