AZ

Çin artıq qlobal iqtisadi güc mərkəzinə çevrilib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Çin son illərdə iqtisadi gücü, texnoloji inkişafı və qlobal ticarətdə artan təsiri ilə dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib. Putin və Tramp kimi liderlərin Çinə səfərləri də bu ölkənin beynəlxalq siyasətdə nə qədər vacib oyunçu olduğunu göstərir və qlobal balansın Şərqə doğru dəyişdiyi fikrini gücləndirir. Buna baxmayaraq, ABŞ və Rusiya kimi güclərin mövqeyi hələ də dünya liderliyi uğrunda rəqabətin çoxqütblü şəkildə davam etdiyini göstərir.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə, xüsusilə son on ildə Çinin iqtisadiyyatı sürətlə inkişaf edib və ölkə bir çox sahələrdə dünyanın aparıcı güclərindən birinə çevrilib. Bu inkişaf nəticəsində Çin dünyada ən çox milyonerin yaşadığı ölkələrdən biri olub. Texnoloji yeniliklər, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və sənaye istehsalının artması Çinin qlobal mövqeyini daha da gücləndirib.

“ Xüsusilə son üç ildə Çin dünyanın ən böyük avtomobil ixracatçısına çevrilib. Əvvəllər hesab olunurdu ki, ən keyfiyyətli avtomobillər Yaponiya və Almaniyada istehsal edilir. Lakin artıq dünya avtomobil bazarının böyük hissəsini Çin şirkətləri ələ keçirib. Bunun əsas səbəbi sərfəli qiymətə, komfortlu və texnoloji cəhətdən inkişaf etmiş avtomobillərin istehsal olunmasıdır. Bununla yanaşı, Çin digər sahələrdə də böyük nailiyyətlər əldə edib. Xüsusilə robot texnologiyaları və süni intellekt sahəsində mühüm irəliləyişlər diqqət çəkir. Bu inkişaf Çinin təkcə iqtisadi deyil, həm də siyasi gücünü artırır və onu dünyanın lider ölkələrindən birinə çevirir”-deyən politoloq bildirib ki, hazırda iqtisadi və hərbi gücə görə dünyanın əsas lider dövləti ABŞ hesab olunur. Əvvəllər ikinci güc kimi SSRİ, daha sonra isə Rusiya göstərilirdi. Lakin son illərdə artıq bütün dünya qəbul edir ki, Çin iqtisadi və siyasi mövqeyinə görə ikinci yerdə qərarlaşıb. Hətta bir çox ekspertlər hesab edir ki, yaxın gələcəkdə Çin birinci yerə də yüksələ bilər. Dünyada baş verən proseslər göstərir ki, Çinin iqtisadi gücü onun siyasi təsir imkanlarını da genişləndirir. Politoloq vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri əvvəlcə mart ayının sonuna nəzərdə tutulsa da, sonradan may ayında baş tutdu. Bunun əsas səbəblərindən biri ABŞ-İran münasibətlərində yaranan gərginlik idi. Həmin səfərdə əsas müzakirə mövzularından biri Tayvan məsələsi oldu. Çin lideri Si Cinpin Trampa müharibənin hər iki tərəf üçün zərərli olduğunu bildirdi və problemlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğuladı.

Politoloqun fikrincə bu görüşdən sonra ABŞ-ın Tayvana göndərilməsi planlaşdırılan 14 milyard dollarlıq hərbi yardımın və raket sistemlərinin müvəqqəti dayandırıldığı qeyd olunur. Bu da tərəflərin məsələləri hərbi yox, diplomatik yollarla həll etməyə çalışdığını göstərir: “ Başqa bir tərəfdən, Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və Si Cinpinlə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə edildi. Bununla belə, “Sibir-2” qaz kəməri layihəsi ilə bağlı yekun razılıq əldə olunmadı. Bu isə göstərir ki, tərəflər yaxın əməkdaşlıq etsələr də, bütün məsələlərdə tam ortaq mövqeyə malik deyillər”.

Elşad Həsənov hesab edir ki, Çin İran məsələsində də fəal rol oynayıb. ABŞ və İsrailin İrana qarşı addımlarına ilk etiraz edən ölkələrdən biri Çin olub və müharibə dövründə Tehrana siyasi dəstək göstərib. Eyni zamanda Tramp və Si Cinpin arasında İranla bağlı vəziyyətin sabitləşdirilməsi və Hörmüz boğazında təhlükəsizliyin qorunması məsələləri də müzakirə edilib.

“Bütün bunlar göstərir ki, Çin artıq dünyanın əsas siyasi və iqtisadi güclərindən birinə çevrilib. Bununla belə, hesab olunur ki, yaxın 20-30 ildə dünya tam şəkildə təkqütblü sistemə keçməyəcək. Çünki həm Çin, həm Rusiya, həm də digər böyük dövlətlər çoxqütblü dünya nizamının qorunmasında maraqlıdırlar. Buna görə də yaxın gələcəkdə hər hansı bir dövlətin dünyaya tam diktə etməsi ehtimalı yüksək görünmür və beynəlxalq münasibətlərdə çoxqütblü sistemin davam edəcəyi gözlənilir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
50
icma.az

10Mənbələr