AZ

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

Uqandada Ebola virusuna yoluxanların sayı artıb. Ölkədə daha iki yeni yoluxma halı təsdiqlənib və ümumi xəstə sayı yeddiyə çatıb. Yeni yoluxanların hər ikisi paytaxt Kampala şəhərində yerləşən özəl xəstəxananın tibb işçiləridir.

“The İndependent” nəşrinin məlumatına görə, bütün yoluxmalar qonşu Konqo Demokratik Respublikasında başlayan Ebola yayılması ilə bağlıdır. İlk yoluxma Konqodan gələn və Kampaladakı xəstəxanada həyatını itirən bir şəxsdən sonra qeydə alınıb.

Konqoda mayın 15-də elan olunan Ebola epidemiyası zamanı indiyədək 900-dən çox şübhəli hal aşkarlanıb. Xəstələrin çoxu ölkənin şərqində yerləşən İturi bölgəsindədir. Bölgədə zorakılıq və insanların səhiyyə işçilərinə inamsızlığı səbəbindən xəstəliyə qarşı mübarizə çətinləşib.

Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti qlobal fövqəladə hal elan edib. Hazırda həmin Ebola növünə qarşı təsdiqlənmiş müalicə yoxdur. İngiltərənin Oksford Universitetinin alimləri isə yeni vaksin hazırlayır. Mütəxəssislər klinik sınaqların yaxın 2-3 ay ərzində başlaya biləcəyini bildirirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr