Azərbaycanda ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulub.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.Onun sözlərinə görə, əsas məqsəd ət istehsalında özünütəminetmə səviyyəsinin 100 %-ə çatdırılmasıdır:
"Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulub. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9 % artırılması və özünütəminatın 101 %-ə çatdırılması hədəflənib.
Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 %-dir, 100 %-ə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilib. İstehsalın isə 30 % artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir".
Bu hədəfə çatmaq üçün əsas inkişaf istiqaməti nələr olmalıdır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ət istehsalımızın qarşısında bir sıra problemlər dayanır:

“Azərbaycanda ət istehsalının artırılması qarşısında duran əsas problemlərdən biri yem bazası ilə bağlıdır. Hazırda ət istehsalında ümumi xərclərin deyil, əməliyyat xərclərinin təxminən 60–70 % məhz yemə sərf olunur. Bu isə sahənin gəlirliliyinə və inkişaf tempinə birbaşa təsir göstərir.
Heyvanların yetişdirilməsi yalnız yemlə məhdudlaşmır. Baytarlıq xidmətləri, dərman preparatları, saxlanma şəraiti və digər qayğı xərcləri də mövcuddur. Lakin əsas yük yenə də yemlə bağlı xərclərin üzərinə düşür.
Yem bazasının zəifliyi ət istehsalına ciddi təsir edən amillərdən biridir. Hazırda yemlərin bir hissəsi xaricdən idxal olunur. Yerli istehsal isə əsasən otlaq sahələrinə əsaslansa da, bu sahələrdə məhsuldarlıq aşağıdır.
Eyni zamanda son illərdə otlaq sahələrinin azalması da müşahidə olunur. Əkinçilik sahələrinin genişlənməsi nəticəsində bir çox otlaq ərazilər hasarlanaraq istifadədən çıxarılır və bu da heyvandarlıq üçün mövcud imkanları məhdudlaşdırır”.
Ekspert qeyd edib ki, digər bir problem isə yem qiymətlərinin yüksək olmasıdır:
“Məsələn, bir ot bağlamasının qiyməti 2–7 manat arasında dəyişir. Heyvanın gündəlik yem tələbatı nəzərə alındıqda, bu, fermerlər üçün ciddi xərc yaradır. Bütün bunların fonunda Azərbaycanda ət məhsuldarlığının aşağı olması da diqqət çəkir. Cins heyvandarlığın zəif inkişaf etməsi və müasir texnologiyaların tətbiqində gerilik heyvan başına düşən ət istehsalını məhdudlaşdırır.
Sahədə həmçinin idarəetmə problemləri, maliyyə resurslarına çıxışın çətinliyi, logistika və soyuducu anbar şəbəkəsinin zəif inkişafı da mövcuddur. Bu amillər də ümumi istehsal zəncirinə mənfi təsir göstərir.
Bu problemlərin aradan qaldırılması üçün yem bitkilərinin istehsalının artırılması, cins heyvandarlığın inkişafı, iri və orta fermer təsərrüfatlarının təşviqi vacibdir.
Eyni zamanda müasir fermaların qurulması, baytarlıq xidmətlərinin gücləndirilməsi və fermerlər üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi ət istehsalının artımına mühüm töhfə verə bilər”.