Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, ərazilər piyadaların istifadəsinə veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım şəhər mühiti və piyadalar üçün müsbət qərar kimi qiymətləndirilsə də, bir sıra suallar da yaradır.Məsələni şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakının beş küçəsində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması və həmin ərazilərin tamamilə piyadaların istifadəsinə verilməsi ilə bağlı qərar şəhərsalma baxımından diqqət çəkən addımlardan biri kimi qiymətləndirilir:“Bir müddət əvvəl də analoji yanaşma şəhərin mərkəzi hissəsində, xüsusilə “Tarqovı” adlanan zonaya yaxın küçələrdə tətbiq olunmuş və həmin ərazilər piyadalar üçün nəzərdə tutulmuşdu. Bu cür model beynəlxalq təcrübədə geniş yayılıb və müasir şəhər planlaşdırmasının mühüm istiqamətlərindən biri hesab olunur. Lakin bu proses yalnız nəqliyyatın müəyyən küçələrdən kənarlaşdırılması kimi deyil, daha geniş miqyasda şəhərin logistika və hərəkət sisteminin yenidən qurulması kimi dəyərləndirilməlidir. Piyadalaşdırmanın əsas üstünlükləri arasında ekoloji vəziyyətin yaxşılaşdırılması, səs-küyün azalması, yol təhlükəsizliyinin artırılması və şəhər mühitinin daha rahat və əlçatan olması yer alır. Eyni zamanda bu yanaşma turizm baxımından da müsbət nəticələr yaradır, çünki şəhərin mərkəzi hissələrində gəzinti və tanışlıq imkanları genişlənir. Bununla yanaşı, belə layihələrin effektivliyi yalnız məhdudiyyətlərin tətbiqi ilə deyil, paralel şəkildə görülən qabaqlayıcı tədbirlərlə müəyyən olunur. Ən vacib məsələlərdən biri parklanma infrastrukturunun düzgün planlaşdırılmasıdır. Əgər alternativ parklanma imkanları yaradılmasa, yaxın ərazilərdə əlavə sıxlıq və nəqliyyat yükü yarana bilər. Bu baxımdan çoxmərtəbəli parkinqlərin inşası və sistemli idarəetmə mühüm əhəmiyyət daşıyır”.O bildirib ki, beynəlxalq təcrübədə həmçinin həmin zonalara girişin tənzimlənməsi üçün xüsusi icazə sistemlərindən istifadə olunur:“Yaşayış sahələrində yaşayan sakinlər üçün güzəştli və ya məhdud giriş imkanları təmin edilir. Eyni zamanda ticarət obyektlərinə xidmət edən yükdaşımalar üçün müəyyən olunmuş saat intervalları tətbiq edilir ki, bu da şəhər axınının pozulmamasına şərait yaradır. Beləliklə, piyadalaşdırma layihələrinin uğuru yalnız qərarın verilməsi ilə deyil, onun icrasının peşəkar idarə olunması ilə birbaşa bağlıdır. Beynəlxalq standartlara uyğun yanaşma, yerli reallıqların nəzərə alınması və düzgün planlaşdırma həyata keçirildiyi halda bu cür dəyişikliklər şəhər mühitinin keyfiyyətinə müsbət təsir göstərə bilər”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.