Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən “Erkən kəsimə son!” kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirlərinə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, kampaniya çərçivəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində AQTA tərəfindən hazırlanan məlumatlandırıcı buklet və flayerlər paylanılıb.
Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah olunub.
Bildirilib ki, kampaniyanın əsas məqsədi fermerlər, heyvandarlıqla məşğul olan şəxslər və ictimaiyyət arasında maarifləndirməni gücləndirmək, erkən kəsim hallarının qarşısının alınmasına ictimai dəstəyi artırmaqdır.
Qeyd edək ki, bu günədək kampaniyaya millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq təşəbbüsə dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.