Bu gün Azərbaycanda demək olar ki, hər kəsin telefonunda "Whatsapp", "Youtube", "Instagram", "TikTok" və ya "Facebook" kimi platformalar var.
Bu şəbəkələrə maraq çox olsa da gənc nəsildə belə platformalar yaratmağa maraq yox dərəcəsindədir. İstedadlı və yaradıcı gənclərin ölkəmizi bütün qlobalda təmsil edə biləcəyi platforma yaratmaması düşündürücü məsələlərdən biridir. Halbuki dünyaca tanınan bu tətbiqlərin yaradıcıları vaxtilə sadə ideya və inamla çalışan gənclər olub.
Nə üçün Azərbaycanda "WhatsApp", "TikTok" və "YouTube" kimi qlobal səviyyədə uğurlu sosial media və mesajlaşma tətbiqləri yaradılmır?
Mövzu ilə bağlı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Hit.az-a açıqlamasında bildirib ki, qlobal səviyyədə uğur qazanan platformaların yaradılması üçün güclü maliyyə dəstəyi, geniş bazar, peşəkar komanda və uzunmüddətli inkişaf mühiti də vacib rol oynayır:
"Azərbaycanda "WhatsApp", "TikTok" və "YouTube" kimi qlobal miqyasda uğurlu platformaların yaranmamasının bir neçə əsas səbəbi var. Bu məsələ təkcə proqram yazmaqla bağlı deyil. Burada ekosistem, bazar, investisiya, insan resursu və qlobal rəqabət amilləri birlikdə rol oynayır.
Diqqətlə müşahidə olunarsa, görmək olar ki, "WhatsApp", "TikTok" və "YouTube" kimi tətbiqlər böyük bazarlardan çıxdı. ABŞ (341 milyon), Çin (1,4 milyard) əhali sayısı yüksəkdir. Azərbaycanın əhalisi isə təxmini olaraq, cəmi 10 milyon nəfərdir. Yerli bazar kiçikdir. Ona görə də, ilkin istifadəçi kütləsi toplamaq çətinləşir, reklamçılar üçün cəlbedicilik azalır. Yerli bazar böyük texnologiya şirkəti qurmaq üçün kifayət qədər gəlir yaratmır. Platformalar isə milyonlarla, hətta milyardlarla istifadəçi üzərində qurulur. Məsələn, "Meta" və "Google" kimi şirkətlər ilk gündən qlobal düşünərək inkişaf ediblər.
İkinci məsələ risk kapitalı və investisiya problemidir. Dünyada böyük texnologiya platformaları illərlə zərərə işləyə-işləyə böyüyür. Bunun üçün milyardlarla dollar investisiya lazımdır. Uzunmüddətli və yüksək riskli investisiyalara ehtiyac ola bilər.
Üçüncü səbəb insan resursu və komanda məsələsidir. Belə platformalar yalnız proqramçı ilə yaranmır. Süni intellekt mütəxəssisləri, kibertəhlükəsizlik komandası, UI/UX dizaynerlər, data mühəndisləri, hüquqşünaslar, marketinq və mecerler birlikdə çalışmalıdır".
Ekspertin fikirincə, rəqabət və yüksək xərc məsələsidə burada önəmli rol oynayır:
"Xaricdə qlobal sistemlərlə işləyən təcrübəli həmvətənlərimizə də ehtiyac ola bilər. Onları maraqlı qlobal layihə təklifləri ilə ölkəyə geri gətirmək də yüksək xərclər tələb edə bilər.
Digər vacib amil qlobal rəqabətdir. Bu gün yeni bir mesajlaşma və ya video platforması yaratmaq çox çətindir, çünki bazar artıq nəhəng şirkətlər tərəfindən tutulub. İnsanlar dostlarının və auditoriyasının olduğu platformanı tərk etmək istəmir. Yəni istifadəçi çox olduqca platforma daha da güclənir".
Onun sözlərinə görə, riskli layihələrə marağın az olması qlobal platformaların yaranmasını çətinləşdirir:
"Texniki infrastruktur da önəmlidir. "TikTok" və "YouTube" kimi platformalar saniyədə milyonlarla video emal edir, CDN infrastrukturu qurur, süni intellektlə tövsiyə sistemi işlədir və böyük data mərkəzləri idarə edir. Bu isə çox ciddi texniki və maliyyə gücü tələb edir. Bir başqa səbəb isə innovasiya mədəniyyətidir.
Qlobal məhsullar yaratmaq üçün uğursuzluqdan qorxmayan, uzunmüddətli düşünən və eksperimental mühit lazımdır. Region ölkələrində bu mədəniyyət yeni formalaşır. Müşahidə etdiyim qədəri ilə, bir çox gənc daha çox stabil işə üstünlük verir, yüksək riskli startap qurmağa yox. Bununla yanaşı, vəziyyət tam ümidsiz deyil".
Həmsöhbətimiz əlavə edib ki, artan texnoloji maraq təşəbbüsləri Azərbaycanda yaxın illərdə daha güclü və yerli rəqəmsal platformaların formalaşmasına yol aça bilər:
"Azərbaycanda artıq texnologiya sahəsinə maraq artır, süni intellekt, kibertəhlükəsizlik və startap sahəsində yeni təşəbbüslər yaranır. Ola bilsin ki, yaxın illərdə birbaşa “yeni WhatsApp” yox, amma müəyyən sahə üzrə ixtisaslaşmış regional platformalar ortaya çıxsın. Əslində uğurlu platformalar bir gündə yaranmır. Onların arxasında illərlə davam edən investisiya, qlobal düşüncə, texnoloji ekosistem və böyük komanda işi dayanır".
Arzu İbrəhimova
