AZ

Kənd təsərrüfatı yalnız iqtisadi sektor kimi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji sahədir - ŞƏRH

Bakı, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirə aqrar sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müşavirədə səsləndirilən məsələlər göstərir ki, dövlət kənd təsərrüfatını yalnız iqtisadi sektor kimi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və məşğulluğun artırılması baxımından strateji sahə hesab edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib

O bildirib ki, xüsusilə 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının qəbul olunması aqrar sahənin uzunmüddətli və sistemli inkişafına hesablanmış mühüm addımdır. Bu proqram kənd təsərrüfatında istehsalın artırılması ilə yanaşı, emal sənayesinin inkişafını, yeni texnologiyaların tətbiqini və rəqabətqabiliyyətli məhsul istehsalını da nəzərdə tutur. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi siyasətinə tam uyğun gəlir.

"Müşavirədə özünütəminat məsələsinin xüsusi vurğulanması da diqqət çəkir. Buğda və mal əti üzrə mövcud göstəricilərin artırılması istiqamətində verilən tapşırıqlar onu göstərir ki, qlobal ərzaq böhranları və beynəlxalq bazarlardakı qeyri-sabitlik fonunda daxili istehsal imkanlarının genişləndirilməsi prioritet hesab olunur. Yerli istehsalın artırılması həm idxaldan asılılığın azaldılmasına, həm də kənd yerlərində iqtisadi fəallığın güclənməsinə səbəb olacaq.

Torpaqlardan səmərəli istifadə və elektron analiz sistemlərinin tətbiqi ilə bağlı məsələlər isə aqrar sahədə müasir idarəetmə modelinə keçidin göstəricisidir. Əkin sahələrinin elmi əsaslarla qiymətləndirilməsi, hansı məhsulun hansı bölgədə daha yüksək məhsuldarlıq verəcəyinin müəyyən olunması məhsuldarlığın artırılmasına və resurslardan daha düzgün istifadəyə imkan yaradacaq. Bu, kənd təsərrüfatında rəqəmsallaşmanın və innovativ yanaşmanın genişlənməsinin vacibliyini bir daha ortaya qoyur", - deyə N. Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, su ehtiyatlarının idarə olunması ilə bağlı verilən mesajlar da xüsusi əhəmiyyət daşıyır. Son illərdə iqlim dəyişiklikləri və quraqlıq problemləri kənd təsərrüfatına ciddi təsir göstərdiyi üçün su resurslarının düzgün idarə edilməsi strateji məsələyə çevrilib. Su anbarlarında ehtiyatların artırılması və onların səmərəli istifadəsi kənd təsərrüfatında davamlılığın təmin olunmasına müsbət təsir göstərəcək.

Müşavirədə bazar mexanizmlərinin təkmilləşdirilməsi və məhsulların satış imkanlarının genişləndirilməsi ilə bağlı səsləndirilən fikirlər də aqrar sahənin inkişafında mühüm rol oynayır. Çünki kənd təsərrüfatında yalnız istehsalın artırılması kifayət deyil, eyni zamanda, istehsal olunan məhsulun daxili və xarici bazarlara çıxışının təmin olunması da vacibdir. Bu baxımdan logistika, emal və ixrac imkanlarının genişləndirilməsi kənd təsərrüfatının gələcək inkişafında əsas amillərdən biri olacaq.

Seçilən
18
1
azertag.az

2Mənbələr