AZ

YAP Gəncə şəhər təşkilatında “Heydər Əliyev məktəbi” layihəsi uğurla başa çatdı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsi uğurla yekunlaşıb.

"Unikal" xəbər verir ki, beş gün davam edən layihə çərçivəsində müxtəlif dövlət strukturlarının, ali təhsil müəssisələrinin və ictimai qurumların nümayəndələri tərəfindən Ulu Öndərin dövlətçilik fəlsəfəsi, siyasi irsi və müxtəlif sahələrdə həyata keçirdiyi islahatlarla bağlı seminarlar təşkil olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “Heydər Əliyev və dövlət idarəçiliyi sistemi”, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov “Heydər Əliyev və Azərbaycanın aqrar siyasətində islahatlar”, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi”, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov “Dövlət gənclər siyasəti, gənclərin təhsilində və inkişafında dövlət dəstəyi”, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov “Heydər Əliyev və müasir Azərbaycan təhsilində yeniliklər”, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin dircəliş dönəmi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov “Ümummilli Lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq” mövzularında məruzə ilə çıxış ediblər.

İnteraktiv formada, sual-cavab şəklində təşkil olunan seminarlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, ASAN xidmət mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin ümumilikdə 40 nəfər gənc əməkdaşı iştirak edib.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Seçilən
0
2
unikal.az

3Mənbələr