AZ

Minskdə 28 May–Müstəqillik Günü münasibətilə rəsmi qəbul

Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 28 May –Müstəqillik Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda əsas qonaq qismində Belarusun Baş nazirinin müavini Aleksandr Terexov, həmçinin Belarusda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin hərbi attaşeləri, diaspor rəhbərləri və üzvləri, Belarusda təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan və Belarusun Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi irsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Birinci Respublikanın keçdiyi ağır sınaqları xatırladan səfir 1991-ci ildə müstəqilliyimiz yenidən əldə olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, dəmir siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində ölkəmizin xaosdan xilas olaraq, davamlı inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu bildirib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün inamla davam etdirildiyini vurğulayan səfir Azərbaycanın beynəlxalq arenada öz layiqli yerini tutduğunu bildirib.

Azərbaycan-Belarus münasibətlərinə toxunan M.Əliyev ötən il ticarət dövriyyəsinin 428 milyon dolları keçdiyini və qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Belarusun Baş nazirinin müavini A.Terexov müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlara toxunub, Belarusun Azərbaycanın regionda və dünyada nüfuzunun artmasını, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsini sevinc hissi ilə qarşıladığını bildirib. Baş nazirin müavini Azərbaycanın beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrildiyini vurğulayıb.

Tədbirin bədii hissəsində Belarusun milli mədəniyyətlər beynəlxalq müsabiqəsi laureatının ifasında “Azərbaycan” mahnısı səsləndirilib, “Qafqaz”, “Sarı gəlin” rəqs ansambllarının ifasında milli rəqs nümunələri və ölkəmizin mədəniyyətini və milli adət-ənənələrini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə ölkəmizin turizm potensialını, eləcə də işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr