Kişilər maşından səs gələn kimi ustaya qaçır, qadınlar isə... — AÇIQLAMA
Son illər Bakı şəhərində yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Mütəxəssislər bunu nəqliyyat sıxlığının artması, diqqətsizlik və sürücülük zamanı yol verilən müxtəlif qayda pozuntuları ilə əlaqələndirirlər. Qəzalarda fərqli yaş və təcrübəyə malik sürücülər iştirak edir. Ötən günlərdə paytaxtdakı ticarət mərkəzlərindən birinin parkinqində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata əsasən, idarəetmə zamanı ehtiyatsızlıq nəticəsində avtomobil nəzarətdən çıxaraq qəza şəraiti yaradıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Məsələ bir daha sürücülük zamanı diqqət və məsuliyyətin vacibliyini gündəmə gətirib.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, bəzi qadın sürücülər avtomobilin texniki vəziyyətinə kişilərlə müqayisədə daha az diqqət ayırırlar:
“Söhbət həm texniki baxışdan, həm motor yağının vaxtında dəyişdirilməsindən, həm də ümumi qulluq məsələlərindən gedir. Bəzən avtomobildə yaranan nasazlıq səslərinə də ciddi yanaşılmır və bu səbəbdən yolda qalma halları baş verir. Kişi sürücülər isə adətən avtomobildə hər hansı səs və ya problem hiss etdikdə daha tez ustaya müraciət edirlər. Digər tərəfdən, yol hərəkəti qaydalarının pozulması və qəza statistikalarında da qadın və kişi sürücülər arasında müəyyən fərqlər müşahidə olunur. Bununla belə, qadın sürücülərlə bağlı diqqət çəkən məqamlardan biri onların iştirakı ilə baş verən qəzaların əksəriyyətində ölüm hallarının daha az qeydə alınmasıdır”.
Onun sözlərinə görə, bu da əsasən qadınların avtomobili yüksək sürətlə idarə etməməsi və daha ehtiyatlı hərəkət etməsi ilə əlaqəlidir:
“Adətən yolun sağ zolağı ilə hərəkət etmələri və riskli manevrlərdən uzaq durmaları da bu amillər sırasında göstərilir. Ağır yol-nəqliyyat hadisələrinin isə daha çox özünə həddindən artıq güvənən və təcrübəsinə arxayın olan sürücülər tərəfindən törədilir. Bəzən sürücü müəyyən manevri edə biləcəyini düşünsə də, nəticə fərqli olur. Bu baxımdan, məsələni yalnız cins amili ilə deyil, sürücünün məsuliyyəti, diqqəti və idarəetmə mədəniyyəti ilə qiymətləndirmək daha doğru yanaşma hesab olunur.”
Leyla Turan
Demokrat.az