İranın Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı sancısı və isterikası davam etməkdədir. Ölkənin dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yenə də təhdidlər səsləndirib. Musavat.com bildirir ki, bu barədə İran mətbuatı xəbər yayıb. Onun sözlərinə görə, indi regional dəhlizlərin (keçidlərin) xəritəsi Vaşinqtonun təhdidləri ilə deyil, Tehranın “sahə reallıqları” ilə yazılır. Vilayəti bildirib ki, Tramp "gündəlik İran təhdidləri" və "Amerika yanacaqdoldurma məntəqələrində qəzəbli müştərilər" paradoksunda ilişib qalıb: “Daxili inflyasiyanı cilovlamaq üçün bazar sabitliyinə və enerji qiymətlərinin azaldılmasına ehtiyacı var”.
Ardınca əlavə edib ki, digər tərəfdən də Qafqazda hesablamaların dəyişməsi və tətbiq edilən "Tramp dəhlizi" (Zəngəzur) termininin solması göz qabağındadır. “Ona görə də indi regional dəhlizlərin (keçidlərin) xəritəsi Vaşinqtonun təhdidləri ilə deyil, Tehranın sahə reallıqları ilə yazılır”,_ deyə Vilayəti İranın TRİPP layihəsinə müdaxilə hədələrini təkrarlayıb.

Vilayəti ilk dəfə deyil ki, Zəngəzur koridoru ilə bağlı bu ritorikada açıqlamalar səsləndirir. Amma bu logistikanın Orta dəhlizin bir hissəsi olduğunu unudur. Yəni İranın iradəsindən kənar layihədir və onun açılmasına Tehranın müdaxiləsi real görünmür.
Çünki bu dəhliz əvvəla, Azərbaycanın qərb rayonları ilə Naxçıvan muxtar respublikasını birləşdirir və razılaşma Bakı ilə İrəvan arasında əldə olunub. İkincisi, dəhlizin işə düşməsi ilə bağlı ABŞ nümayəndələri Ermənistanda olub və seçkilərdən sonra işlərin sürətlənməsi nəzərdə tutulub. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasında Türkiyə maraqlıdır və İranın buna əngəl ola biləcəyi ağlabatan deyil.
Qeyd edək ki, Vilayəti Tehranın “sahə reallıqları” dedikdə Cənubi Qafqazın mövcud sərhədlərinin guya dəyişəcəyini nəzərdə tutur. Halbuki Azərbaycan Prezidenti bu məsələyə aydınlıq gətirib və heç bir nəqliyyat dəhlizinin ölkələrin suveren ərazisinə, onun sərhədlərinin dəyişməsinə gətirib çıxarmadığını açıqlayıb. Sadəcə, Zəngəzur dəhlizinin reallaşması İranın logistik əhəmiyyətini azalda bilər deyə Vilayəti və digər İran siyasətçiləri tez-tez narahatlıqlarını bölüşürlər. Amma bir sıra hallarda bu çıxışlar təhdid dilində olur. Ən nəhayət, 40 günlük müharibədə ağır itkiləri olan İranın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərmək potensialının qalmadığı bildirilir. Üstəlik, “Tramp yolu” layihəsinin sənədi ötən ilin 8 avqustunda Ağ Ev lideri ilə erməni baş nazir arasında imzalanıb. Tehran indi “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” dediyi İrəvandan bu sazişin hesabatını soruşa bilər...
Emil Salamoğlu
Musavat.com