AZ

AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

Bakı, 26 may, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalının təsis edilməsi haqqında məsələyə də baxılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Akademiyada süni intellekt və rəqəmsal inkişafla bağlı ardıcıl işlər həyata keçirilir və təsis olunacaq yeni nəşr ölkəmizdə süni intellektə həsr edilmiş ilk jurnal olacaq. Bu məsələnin olduqca məsuliyyət tələb etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli jurnalın ildə iki sayının işıq üzü görəcəyini söyləyib. O, eyni zamanda, jurnalın redaksiya heyətinin tərkibinin formalaşdırılması, ISSN, e-ISSN və DOI identifikatorlarının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi, yüksək poliqrafik və elektron formatda nəşrinin planlaşdırıldığını vurğulayıb.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib.

 

Seçilən
27
3
azertag.az

4Mənbələr