AZ

Şərqdə ilk parlament respublikası: Azərbaycan Xalq Cümhuriyyəti

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini açdı və Şərqdə ilk parlament respublikası kimi yeni bir dövlətçilik modelinin əsasını qoydu.

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqın azadlıq və müstəqillik iradəsini dövlət səviyyəsində ifadə edərək milli kimliyin formalaşmasına və möhkəmlənməsinə güclü təkan verdi. Bu tarix yalnız keçmişin xatirəsi deyil, eyni zamanda müasir Azərbaycan Respublikasının ideoloji və siyasi əsaslarının formalaşmasında mühüm rol oynayan dövlətçilik təcrübəsidir.

Tarixçi Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müsəlman Şərqində ilk yaranan parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti böyük bir iz qoyub. Bu, təkcə bizim dövlətçilik yolumuzda deyil, ümumilikdə parlament respublikası və parlamentarizm tarixində də mühüm bir təcrübə kimi yadda qalıb.

“Biz böyük bir təcrübə toplamışıq və müstəqilliyimizin çox baha başa gəldiyini unutmuruq. Bu yol ağır və böyük mücadilə nəticəsində əldə olunub. Sözsüz ki, biz bu yolu unutmuruq”, – deyə tarixçi bildirib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsi müasir Azərbaycan dövlət quruculuğunda da təməl və mərkəzi rol oynayır.

“Biz Azərbaycan Respublikası olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. Onun təkcə siyasi deyil, həm də ərazi baxımından varisi müasir Azərbaycan Respublikasıdır. 1918–1920-ci illərdə yaranmış bu respublikanın irsi bu gün də öz aktuallığını qoruyur və müasir Azərbaycan dövlətində davam etdirilir.

Azərbaycan Xalq Cümhuriyyəti həm mənəvi, həm də siyasi baxımdan çox mühüm əhəmiyyətə malikdir. O, İslam dünyasında ilk parlament respublikasıdır və böyük təcrübə formalaşdırıb. Həm Avropa mədəniyyətindən, həm də Qərbdən gələn siyasi cərəyanlardan faydalanaraq onları tətbiq edən ilk nümunələrdən biri olub.

Biz qadın azadlıqları sahəsində də bir sıra Avropa və Amerika ölkələrindən əvvəl addımlar atmışıq. Bu təcrübə bu gün də bizim üçün dəyərlidir və aktuallığını qoruyur”, – deyə Rizvan Hüseynov bildirib.

Tarixçi qeyd edib ki, müasir Azərbaycan Respublikası 1918–1920-ci illərdə böyük mütəfəkkirlər tərəfindən yaradılmış respublikanın qoyduğu yolu davam etdirir. O dövrdə böyük planlar var idi və həmin planların bir hissəsi bu gün də həyata keçirilməkdədir. Azərbaycan türk-müsəlman dünyasında hər zaman öncül və flaqman rolunu oynayıb və bu mövqeyini gələcəkdə də qoruyacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
bizimyol.info

1Mənbələr