27-28 may tarixlərində Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunacaq. İslam dünyasının ən əlamətdar dini bayramlarından hesab olunan Qurban bayramı paylaşma, yardımlaşma və mənəvi birlik rəmzi kimi qəbul edilir. Bayram günlərində imkanlı şəxslər qurban kəsərək ehtiyacı olan insanlara yardım edir, ailələr bir araya gəlir və dini ibadətlər yerinə yetirilir. Bununla yanaşı, hər il olduğu kimi bu il də “qurban kəsmək kimlərə vacibdir?”, “borcu olan şəxs qurban kəsə bilərmi?” və “qurbanı nümayiş etdirmək doğrudurmu?” kimi suallar geniş müzakirə olunur. Mövzu ilə bağlı 1news.az-ın suallarını cavablandıranilahiyyatçı Yaşar Qurbanov bildirib ki, qurban kəsmək maddi imkanı olan insanların üzərinə düşən ibadətdir. İlahiyyatçının sözlərinə görə, özünü normal şəkildə dolandıra bilən, yaşayışı qaydasında olan, evi və miniyi olan, heç kimə möhtac olmayan şəxslər qurban kəsə bilərlər: “Qurban kəsmək o insanların üzərinə düşür ki, onların maddi imkanı var və bu ibadət onlar üçün ağır yük yaratmır. Hər kəsin müəyyən borcu və ya krediti ola bilər. Əgər insan borcunu tədricən ödəyirsə və onu sıxışdıran yoxdursa, həmin şəxs qurban kəsə bilər. Amma əgər əlində olan vəsaiti həmin anda borcuna ödəməlidirsə, bu halda ilk növbədə borcunu qaytarması daha doğrudur”. Yaşar Qurbanov vurğulayıb ki, qurban ibadəti yalnız Allah rizası üçün edilməlidir və bunu insanlara göstərmək üçün etmək düzgün deyil: “Qurban Allah üçün edilən ibadətdir. "Qurani-Kərim"də buyurulur ki, sizin kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır. Təqva isə Allahın buyurduqlarını yalnız Onun rizası üçün yerinə yetirməkdir”. İlahiyyatçı qeyd edib ki, hər hansı ibadətin nümayiş məqsədilə edilməsi onun qəbul olunmamasına səbəb ola bilər: “Əgər insan etdiyi əməli göstərmək, ad-san qazanmaq və ya özünü nümayiş etdirmək üçün edirsə, həmin əməl Allah dərgahında qəbul olunmur. Bu, yalnız qurbana aid deyil. Namaz, həcc və digər ibadətlər də sırf Allah rizası üçün yerinə yetirilməlidir. Məsələn, bir insan həccə yalnız “hacı” kimi tanınmaq üçün gedirsə, bu niyyət doğru deyil”. O əlavə edib ki, qurbanın sosial şəbəkələrdə paylaşılması niyyətdən asılıdır: “Əgər məqsəd insanları qurban kəsməyə təşviq etməkdirsə, bunu paylaşmaqda qəbahət yoxdur. Amma niyyət özünü göstərməkdirsə, bu düzgün sayılmır. Əməllərin qəbul olunmasının əsas şərti onların səmimi şəkildə Allah üçün edilməsidir”.