AZ

Almaniyada müharibə hazırlığı ilə bağlı iddialar gündəmdə

Almaniyada son dövrlər sürətlənən hərbiləşmə siyasəti ölkə daxilində ciddi müzakirələrə səbəb olub.

Editor.az xəbər verir ki, Beynəlxalq Sülh Bürosunun keçmiş həmsədri Rayner Braun bildirib ki, Almaniya tarixində ilk dəfə bu qədər genişmiqyaslı şəkildə müharibəyə hazırlıq prosesinə cəlb edilir.

Braunun sözlərinə görə, proses yalnız ordunun gücləndirilməsi ilə məhdudlaşmır. O qeyd edib ki, səhiyyə sistemi, mülki müdafiə strukturları, təhsil sektoru və hətta ekoloji layihələr belə hərbi strategiyanın bir hissəsinə çevrilməkdədir. Ekspert hesab edir ki, cəmiyyətdə “Rusiya təhlükəsi” ilə bağlı qorxu atmosferi formalaşdırılır və bu, hökumətin əsas siyasi xəttlərindən birinə çevrilib.

Məlumata görə, Almaniya ictimaiyyətində də bu siyasətə münasibət birmənalı deyil. Aparılan sorğular göstərir ki, əhalinin təxminən 35 faizi ölkənin sürətli silahlanma kursunu dəstəkləmir. Müxalif fikirlər əsasən hərbi xərclərin artmasının sosial və iqtisadi sahələrə mənfi təsir göstərə biləcəyi ilə əsaslandırılır.

Məqalədə həmçinin Rusiyanın NATO ilə bağlı danışıqlarda iştirak edən nümayəndəsi Yuliya Jdanovanın açıqlamalarına da yer verilib. O iddia edib ki, NATO ölkələrinin paytaxtlarında Rusiya ilə mümkün genişmiqyaslı qarşıdurma ssenariləri üzərində hazırlıqlar aparılır.

Qeyd edək ki, son illər Avropada təhlükəsizlik məsələləri gündəmin əsas mövzularından birinə çevrilib. Bir çox Avropa ölkəsi müdafiə büdcəsini artırır, ordularını modernləşdirir və yeni təhlükəsizlik strategiyaları hazırlayır. Almaniyanın da bu prosesdə aparıcı rol oynadığı bildirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr