AZ

KİV: İran müharibəsi Britaniya şirkətlərinin 80 faizinə mənfi təsir göstərəcək

BAKI, 26 may. TELEQRAF

İran ətrafındakı münaqişə Böyük Britaniya şirkətlərinin əksəriyyətinə artıq təsir edib və ya yaxın perspektivdə təsir göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" Britaniya Ticarət Palataları Assosiasiyasının hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, sorğuda iştirak edən 800 şirkətin 80 faizinin rəhbərliyi bu fikirdədir. Şirkətlərin 55 faizindən çoxu ABŞ və İsrailin İrana endirdiyi zərbələrin nəticələrinin artıq fəaliyyətlərinə təsir etdiyini bildirib. Daha 25 faiz şirkət isə yaxın gələcəkdə mənfi təsir gözlədiyini qeyd edib.

Nəşrin yazdığına görə, ən pessimist vəziyyət istehsal sektorunda müşahidə olunur. Bu sahədə fəaliyyət göstərən şirkətlərin 68 faizi Yaxın Şərqdəki hadisələrin nəticələrini artıq hiss etdiyini bildirib, 23 faizi isə yaxın zamanda təsirlərin artacağını gözləyir.

Şirkətlər enerji daşıyıcılarının bahalaşması, təchizat zəncirində fasilələr və materialların qiymətinin artması kimi risklərə hazırlaşdıqlarını açıqlayıblar.

Britaniya Ticarət Palataları Assosiasiyasının ticarət siyasəti şöbəsinin rəhbəri Uilyam Beyn bildirib ki, atəşkəs yaxın vaxtda münaqişənin sonu olsa belə, iqtisadi nəticələr aylarla hiss ediləcək.

“Geosiyasi mənzərə ciddi şəkildə dəyişib və burada sürətli həll yolu yoxdur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə olunmayıb. Daha sonra Tramp atəşkəs rejiminin uzadılacağını və Vaşinqtonun diplomatiyaya şans verməyə hazır olduğunu açıqlayıb.

Seçilən
80
teleqraf.com

1Mənbələr