AZ

​TRAMP VƏ SİNİN HESABLAŞMADIĞI “ÇAR”... Putin Rusiyaya SSRİ nin taleyini yaşadacaq?

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampdan sonra Vladimir Putinin Çinə səfəri ağıllara Çinin ABŞ ilə geostrateji mücadilədə Rusiyayla birlikdə hərəkət etdiyi fikrini gətirə bilər.Lakin Rusiya artıq elə bir güc deyil ki, Çin onu özünə tərəf müqabili və ya mürəkkəb qlobal oyunda bərabərhüquqlu müttəfiq saysın. O, sadəcə Rusiyadan öz məqsədləri üçün istifadə edə bilər.

Ukraynada apardığı müharibə səbəbindən Rusiyanın Avropaya satdığı karbohidrogenlərin həcmi kəskin azalıb, ona görə Çindən asılı hala düşən Putin qiymətdə hər cür güzəştə getməyə məmnuniyyətlə razılaşır.

Hazırda Çin Rusiyadan xammalı böyük endirimlə alır. Rusiya Ukraynaya qarşı təcavüzə başlayandan indiyədək Çinə 372 milyard dollar dəyərində neft, təbii-qaz və kömür satıb. Üstəlik, Putin Pekinə səfəri zamanı “Sibirin gücü-2” qaz kəməri layihəsinin gerçəkləşməsinə çalışdı. Lakin Si Cinpin onun bu təklifinə reaksiya vermədi. Çünki Çin ABŞ-dən Sıxılmış Təbii Qaz alacaq.

Şübhəsiz ki, Tramp və Si Cinpin dünyanın yenidən necə və hansı şərtlərlə şəkillənəcəyinin konturlarını müzakirə ediblər və yəqin ki, bu istiqamətdə danışıqlar yenidən aparılacaq. Amma gələcəklə bağlı planın tərtib olunmasında onların Rusiyanın fikrinə o qədər də ehtiyacları yoxdur. Rusiya apardığı səhv siyasətin nəticəsində bundan sonra ABŞ və Çin üçün alət rolunu oynaya bilər və onun gələcək müqəddəratı bu dövlətlərin verdikləri qərarlardan asılı olacaq.

Çin nə qədər daxili problemlərlə üzləşsə də, yaxın gələcəkdə ABŞ kimi fövqəldövlət statusuna yiyələnmək üzrədir. Ancaq Çin bu statusa uyğun vacib parametrlərə cavab verməlidir. Belə ki, bunun üçün Çin sənaye və texnoloji istehsal nəhəngi olmaqla yanaşı, qlobal iqtisadiyyata təsir göstərəcək mexanizmlərə yiyələnməli, qlobal maliyyə və investisiya sistemində böyük paya sahiblənməli, dünya çapında yuanı ən azından avro qədər dövriyyəyə gətirməli, təhlükəsiz qonşularla əhatələnməli, dayanıqlı müttəfiqlərə malik olmalı və güclü hərbi qüdrətə çatmalıdır.

Yeni dövrün yeni şərtlərinə uyğunlaşan Çini SSRİ ilə müqayisə etmək müəyyən mənada yerinə düşər. İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin və SSRİ-nin təsir dairəsinə daxil olan ölkələr vardı. Avropa ABŞ-nin təsir zonasına daxil olduğundan Qərb dünyasının iqtisadi çəkisi Sovet blokuna nisbətən daha ağır idi. Sovet İttifaqının güclü sənaye potensialı vardı və ölkə özünü təsərrüfat məhsulları ilə təmin etsə də, ərzaq təchizatı bərbad haldaydı. Böyük ərazisinin, zəngin təbii resurslarının və çoxsaylı müttəfiqlərinin olmasına baxmayraq, SSRİ tam qapalı və səmərəli sistem qura bilməmişdi. SSRİ-nin dünya ilə ticarəti əsas etibarı ilə xammal satışı üzərində qurulmuşdu. Həmin vaxt da bütün növ metalların, xammal məhsullarının qiyməti dollarla, özü də Nyu-York, Çikaqo, London birjalarında müyyənləşib. SSRİ-nin nə qədər hərbi-siyasi qüdrəti, özünün ayrıca iqtisadi-texnoloji zonası olsa da, beynəlxalq arenada sovet rublu ilə heç kim ticarət aparmırdı. SSRİ sosialist düşərgəsi ilə ticarətində isə əsasən barterə üstünlük verirdi və Moskvanın qalan dünya ilə apardığı ticarət hesablaşmaları ABŞ dolları vasitəsilə həyata keçirilirdi.

Beləlikə, Sovet İttifaqı özünün ən zəif yeri olan iqtisadi sistemindəki çatışmazlıqlardan və dollar asılılığından qurtula bilmədiyi üçün məhz həmin yerdən zərbə alaraq iqtisadi tənəzzülə qərq oldu və çokdü.

İkinci Dünya Müharibəsindən sonra SSRİ təhlükəsizlik baxımından rəqibi olan Qərb dünyası ilə özü arasında sosialist düşərgəsi ölkələri vasitəsilə hərbi bufer zonası yaratmışdı. Amma hazırda Sovet İttifaqından fərqli olaraq, Çin belə bir əlverişli geostrateji imkana malik deyil. Sakit okean hövzəsində Çinin hegemoniyasından qorxan və ona mənfi münasibət bəsləyən Yaponiya, Cənubi Koreya, Vyetnam, İndoneziya, Filippin kimi dövlətlər yerləşir. Çinin cənub-qərb tərəfində isə onun strateji rəqibi olan və tədricən yeni böyük istehsal mərkəzinə çevrilən Hindistan var.

Çin ABŞ-nin qurduğu iqtisadi-maliyyə sisteminə daxildir və burada istehsal nəhəngi - dünya fabrikası rolunda çıxış edir. Dünya ticarətində məhsulların hansı valyuta ilə satılmasında və beynəlxalq bank rezervlərinin hansı valyutada saxlanılması məsələsində Çin yuanı demək olar ki, autsayderdir. Pekin bəzi ölkələrlə qarşılıqlı ödəmələrin yuanla həyata keçirilməsinə çalışsa da, reallıqda ciddi heç nə alınmayıb. Bu, asan iş deyil. Çünki dünyanın emissiya mərkəzi ABŞ-dədir. Həmin mexanizmın dəyişdirilməsi o qədər müərəkkəb məsələdir ki, Pekin təkbaşına və ya marjinallaşan Rusiya ilə bunun öhdəsindən gələ bilməz.

İndi Çinin önündə həll edilməsi müşkül olan böyük problem durur. Pekində ABŞ ilə yaşanacaq gərginliyin ölkəyə vura biləcəyi ziyanları yaxşı dərk edirlər.

Beləliklə, yüksələn güc olan Çin, mövcud dominant güc olan ABŞ ilə mənasız mücadilə aparmaq əvəzinə, qarşılıqlı razılaşmalarla yeni bir dünya nizamı qurmağı təklif edir. Bu, o anlama gəlir ki, Çinə daha da güclənmək və bir çox mühüm sahələrdə ABŞ-ni ötüb keçmək üçün sakit şərait və vaxt lazımdır. Bunu yəqin ki, Vaşintqton strateqləri də nəzərdən keçirirlər və əgər onlar SSRİ-də olduğu kimi Çinin də hansısa zəif yerinin ABŞ-dən asılı qalacağını görsələr, Pekinin təkliflərinə razılıq verəcəklər.

Onu da qeyd edək ki, özünü Ukraynada tükəndirən Rusiya ilə bağlı məsələdə ABŞ və Çin tədricən ortaq mövqeyə gəlirlər və bu istiqamətdə siyasətlərini koordinasiya etməyə başlayıblar. Belə görünür ki, onlar hələ bir müddət Putinin Rusiyanı daha da aşındırmasına və distrofikləşdirməsinə tamaşa edəcəklər, sonra isə ən kritik məqamda bu ölkənin taleyi barədə yekun qərara gələcəklər.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
azpolitika.info

1Mənbələr