AZ

ABŞ-də benzinin orta qiyməti tarixdə ikinci ən yüksək səviyyəyə çatıb

Ölkə üzrə yanacağın qiyməti rekord həddə yaxınlaşıb, ən bahalı benzin isə yenə Kaliforniyada qeydə alınıb...

Poliqon xəbər verir ki, ABŞ-də may ayının dördüncü bazar ertəsi qeyd olunan "Xatirə Günü" münasibətilə benzinin orta qiyməti ölkə tarixində bu bayram dövrü üçün ikinci ən yüksək səviyyəyə yüksəlib.

Statistikaya görə, ölkədə ən geniş istifadə olunan “Regular” markalı benzinin, təxminən Aİ-92 ekvivalentinin bir qallonunun (3,8 litr) orta qiyməti hazırda 4,507 dollara çatıb. Bu isə litr hesabı ilə təxminən 1,19 dollar deməkdir. Göstərici yalnız 2022-ci ildə qeydə alınmış rekord səviyyədən geri qalır. Həmin il "Xatirə Günü"ndə benzinin orta qiyməti bir qallon üçün 4,61 dollar olmuşdu.

Məlumata əsasən, ABŞ-də ən bahalı benzin ənənəvi olaraq California ştatında satılır. Burada bir qallon benzinin qiyməti 6,116 dollara yüksəlib ki, bu da ölkə üzrə orta göstəricini əhəmiyyətli dərəcədə üstələyir.

Bundan əlavə, yanacağın bir qallonunun qiyməti 5 dollar həddini aşan digər ştatlar sırasında Vashington, Oreqon, Nevada, Alyaska və Hawaii yer alır. Bu bölgələrdə yüksək vergi yükü, logistika xərcləri və ekoloji tələblər səbəbindən yanacaq qiymətləri adətən ölkə ortalamasından daha yüksək olur.

Əvvəllər bu siyahıya daxil olan Illinois isə son həftə ərzində benzinin qiymətinin təxminən 10 sent ucuzlaşması nəticəsində 5 dollarlıq həddən aşağı düşüb. Hazırda ştatda benzinin orta qiyməti bir qallon üçün 4,939 dollar təşkil edir.

Ekspertlər bildirirlər ki, ABŞ-də Xatirə Günü ənənəvi olaraq yay səyahət mövsümünün başlanğıcı hesab olunur və milyonlarla insanın avtomobillə səfərə çıxması yanacağa tələbatı artırır. Bu səbəbdən bayram dövründə benzinin qiymətində yüksəliş müşahidə olunması bazar üçün tipik tendensiya sayılır. Bununla yanaşı, qlobal enerji qiymətləri, emal gücləri və daxili logistika faktorları da qiymət formalaşmasına təsir göstərən əsas amillər arasında göstərilir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr