Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, iş adamı Samvel Karapetyana qarşı daha bir məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə öz "Telegram" kanalında məlumat paylaşıb.
Buna səbəb Karapetyanın Paşinyanın Ermənistana yeni problemlər gətirəcəyi, daha sonra isə sakitcə gedib Kanadadakı evində həyatın dadını çıxaracağı barədə dediyi sözlər olub.
"Mən onu məhkəməyə verəcəyəm və o, üzr istəyəcək. Onun sadəcə başqa seçimi yoxdur", – Paşinyan videomüraciətində bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan onun yeganə evidir. O vurğulayıb ki, vətənindən kənarda "heç vaxt ev axtarmayıb və axtarmayacaq da".
Qeyd edək ki, Paşinyan bu ay Karapetyana qarşı artıq bir məhkəmə iddiası qaldırıb. Həmin mübahisəyə səbəb isə biznesmenin Baş nazirin Çinə səfəri zamanı restoranda hallüsinogen göbələklər daddığı və siyasi bəyanatları bunun təsiri altında verdiyi barədə iddiaları olub.
Bizim.Media