Fransanın Milli Demoqrafik Tədqiqatlar İnstitutu (INED) tərəfindən aparılan araşdırma ölkə əhalisinin formalaşmasında immiqrasiyanın yaratdığı dərin dəyişiklikləri vurğulayıb. Uzunmüddətli dövrdə immiqrasiyanın dərindən təsir göstərdiyi bir cəmiyyət formalaşıb.
“İki sahil” xəbər verir ki, bu nəticə INED-in “Trajectoires et Origines 2” adlı yeni tədqiqatının çərçivəsində verilib. Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) ilə birgə aparılan bu geniş araşdırma ölkədə əhalinin strukturunda immiqrantların yaratdığı dəyişikliklərin miqyasını göstərir. Tədqiqatın ilk nəticəsinə görə, yaxın gələcəkdə immiqrasiyanın əhalinin böyük hissəsinə təsiri olacaq. Tədqiqatçılara əsasən, əhalinin 41 faizinin valideynləri, həyat yoldaşları immiqrantdır. Getdikcə daha çox nikahlar immiqrantlarla bağlanır.
18-59 yaşda əhalinin 13 faizi immiqrant, 11 faizi birbaşa immiqrant övladı, 10 faizi isə üçüncü nəslə aiddir, yəni ən azı bir nənə və ya babası immiqrantdır. INED tədqiqatçısı Kris Bomşemin sözlərinə görə, hər üç nəfərdən biri mənşə baxımından immiqrantdır.
Araşdırma Fransada immiqrant mənşəyinin dəyişdiyini də göstərir. 18-59 yaşlı immiqrantlar arasında 32 faizi Məqrib ölkələrindən, 28 faizi Avropadan, 20 faizi Sub-Sahara Afrikasından, 16 faizi Asiyadan və 5 faizi dünyanın digər bölgələrindən gəlir. Fransanın tarixi immiqrasiya axınlarına uyğun olaraq, daha yaşlı nəsillərdə avropalı immiqrantlar üstünlük təşkil etsə də, 25 yaşdan aşağı olanlarda Afrika mənşəli nəsillər artıq çoxluq təşkil edir.
Araşdırmanın digər mühüm nəticəsinə görə, yeni gələn immiqrantların təhsil səviyyəsi artmaqdadır. 1989-cu ildən əvvəl immiqrantların 29 faizi Fransaya gəlməzdən əvvəl ali təhsil almışdısa, 2009-cu ildən sonra bu göstərici 53 faizə yüksəlib. Nəticədə bakalavriatdan yuxarı təhsil alanların payı artıq miqrasiya mənşəyi olmayan əhalidən də yüksəkdir. Tədqiqatçılar bunu seçim effekti ilə izah edirlər: Fransaya köçən şəxslər çox vaxt mənşə ölkələrinin ən savadlı təbəqələrindən olur.
INED tədqiqatçılarından Patrik Simonun sözlərinə görə, sosial-mədəni inteqrasiya kifayət qədər güclü şəkildə baş verir. Qarışıq nikahlar da bunu təsdiqləyir: immiqrant övladlarının yarısının bir valideyni immiqrant deyil. Sonda qeyd olunur ki, immiqrantların təxminən beşdəbiri Fransada olduqları müddətdə müəyyən dövrdə sənədsiz statusda olduqlarını bildirib. Bu isə ölkənin deportasiya və miqrasiya nəzarəti siyasətinin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xatırladaq ki, IFOP-un aprel ayında keçirdiyi sorğuya görə, fransızların 60 faizi əhalinin mənşəyinin dəyişməsi fikrini səsləndirir və 66 faizi bu barədə narahatlıq ifadə edir.