Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yaydığı yeni hesabata görə, qlobal geosiyasi böhran, maliyyə çatışmazlığı və hərbçi sayının azalması beynəlxalq sülhməramlı missiyaları iflic vəziyyətinə salıb. Bu vəziyyətdən ən çox zərər çəkən isə Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi missiyalardır.
“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, araşdırma göstərir ki, 2025-ci ilin sonunda beynəlxalq sülhməramlı missiyalarda cəmi 79 minə yaxın personal xidmət edib. Bu, son 25 ilin ən aşağı göstəricisidir və 2016-cı illə müqayisədə 49 faiz azalma deməkdir. Böyük donor ölkələrin öz maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən BMT sülhməramlıların sayında ciddi ixtisarlar etməyə məcbur olub. Hazırda bu sahədə 2 milyard ABŞ dolları məbləğində büdcə kəsiri yaranıb. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında ölkənin yardım proqramlarının ixtisar edilməsi və BMT, Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlara öhdəliklərin azaldılması da buna təsir edib.
BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sərt tələbləri və veto təhdidləri missiyaların mandatlarının yenilənməsini mürəkkəbləşdirir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”