“Airbnb” 2026-cı ilin yay yenilənməsi ilə fəaliyyət istiqamətini daha da böyüdür. Platforma artıq yalnız mənzil və ev kirayəsi xidməti ilə kifayətlənməyəcək. Yeniliklər çərçivəsində butik hotellər, avtomobil icarəsi, baqaj saxlama xidməti və minlərlə yeni səyahət təcrübəsi istifadəyə veriləcək. Ən mühüm dəyişikliklərdən biri “Airbnb”nin hotel sektoruna daxil olmasıdır. Şirkət artıq 20 şəhərdə fəaliyyət göstərən butik və müstəqil hotellərlə əməkdaşlığa başlayıb. Siyahıda Nyu-York, Paris, London, Madrid, Roma və Sinqapur kimi məşhur turizm mərkəzləri yer alır. Airbnb bildirir ki, seçim zamanı əsas diqqət hotel şəbəkəsindən çox yerləşmə mövqeyi, dizayn və qonaq təcrübəsinə yönəlib.
Bu addım eyni zamanda qısamüddətli kirayələrə məhdudiyyət qoyulan bazarlarda şirkət üçün yeni imkanlar yaradır. Xüsusilə Nyu-York və Sinqapur kimi şəhərlərdə mövcud qaydalar səbəbindən “Airbnb”nin fəaliyyəti məhdudlaşmışdı. Yeni sistemdə istifadəçilər qısa müddətli şəhər səfərləri üçün axtarış etdikdə hotel variantlarını da görə biləcəklər. Platformaya yalnız hotel elanlarını göstərən ayrıca filtr də əlavə olunub. “Airbnb”, həmçinin eyni otağın başqa platformada daha ucuz tapılması halında qiymət fərqini tətbiqdaxili kredit kimi geri qaytaracağını açıqlayıb.
Şirkət səyahət ekosistemini də genişləndirir. “Bounce” ilə tərəfdaşlıq nəticəsində artıq 175 şəhərdə yerləşən 15 mindən çox nöqtədə baqaj saxlama xidməti təqdim ediləcək. Yay aylarından etibarən avtomobil icarəsi xidməti də istifadəyə veriləcək və ilk sifarişlər üçün 20 faiz geri ödəmə tətbiq olunacaq. Bundan əlavə, “Airbnb Experiences” bölməsi də böyüdülür. Platformaya 3 min turistik məkan üzrə bələdçili turlar və 2500-dən çox qastronomik təcrübə əlavə edilir. Şirkət bununla səyahət təcrübələri bazarında mövqeyini gücləndirməyi hədəfləyir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”