Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsləri - Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən hər üç şəxsin 10 il 3 ay müddətə azadlıqdan məhrum edilmələrini, məhkəmə zalında həbs olunmalarını, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssissəsində çəkmələrini təklif edib.
Həmçinin prokuror, onların ittiham edildiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitdiyini deyib və həmin maddə üzrə işə xitam verilməsini istəyib.
Müdafiəçilər məhkəmədən çıxış üçün vaxt verilməsini xahiş ediblər.
Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin olunub.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.