AZ

"Qonşu ölkələrin əhalisi artdığı halda bizim əhali azalsa, dövlətin gələcəyi necə olacaq?" - Tural Abbaslı

Xəbər verildiyi kimi, deputat Günay Ağamalı uşaqpulu ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Onun "8 yaşına qədər evində 1 uşağı olan ailəyə atanın qazancı bəs edir" kimi fikirləri isə etirazlara səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu məsələdə həm onun şəxsi mövqeyi, həm də Ağ Partiyanın mövqeyi birmənalıdır ki, dövlət 18 yaşa qədər olan bütün uşaqlara adambaşına uşaqpulu verməlidir:

"Dövlət eyni zamanda əhali artımını təşviq etməlidir. Müxtəlif imtiyazlar və güzəştlər təqdim etməklə çoxuşaqlı ailələrin artmasını stimullaşdırmalıdır. Yəni dünya praktikasında bu var. Məsələn, Almaniyanın özündə belə, hansı ki, dünyanın ən güclü iqtisadiyyatlarından biridir və əhalisinin rifah səviyyəsi yüksəkdir, orada da uşaqpulu verilir. Bilirsiniz, uşaqpulu təkcə o demək deyil ki, dövlətin verdiyi pulla uşağı saxlayırsan. Kimsə iddia edirsə ki, dövlət pul verəcək və o pulla uşaq tam təmin olunacaq, bu düzgün yanaşma deyil. O pul ən yaxşı halda uşağın aylıq xərclərinin 20-25 faizini qarşılaya bilər. Amma bu, ailəyə dəstəkdir, ailəyə stimuldur. Əhali sayının artması dövlətin strateji təhlükəsizlik məsələsidir. Heç kim buna “Məmməd kişinin səkkiz oğlu olacaq, Zakir kişinin beş qızı olacaq, bunun dövlətə nə aidiyyəti var?” kimi yanaşmamalıdır. Bu yanaşma qətiyyən yanlışdır. Çünki dövlətin gələcəyi bununla bağlıdır. Dünya statistikasına görə, əgər əhali artımı 2,1 faizdən aşağı düşürsə, həmin millət yox olmağa doğru gedir və bu, geriyədönməz hal alır. Fikirləşin, iki valideynin bir övladı olur. Bu o deməkdir ki, 40 il sonra artıq azalma başlayır. Sonra həmin bir övlad ailə qurur, onun da bir övladı olur. Beləliklə, həndəsi silsilə ilə əhali sayı azalır".

Siyasətçinin sözlərinə görə, dövlət çoxuşaqlılığı təşviq etməlidir.

"Təkcə uşaqpulu verməklə kifayətlənməməli, çoxuşaqlı ailələrin artmasını da stimullaşdırmalıdır. Məsələn, Ağ Partiya olaraq bizim təkliflərimizdən biri budur ki, dörd və daha çox uşağı olan ailələr dövlət tərəfindən mənzillə təmin olunsun. Üçdən artıq uşağı olan ailələrə xüsusi imtiyazlar verilsin. Bir və iki uşaqlı ailələr üçün də başqa güzəştlər tətbiq olunsun. Yəni əhali artımı stimullaşdırılmalıdır. Bir daha deyirəm, bu məsələ dövlətin təhlükəsizliyi və varlığı məsələsidir. “Kimsə özünə nəsil artırır, dövlətə nə?” kimi yanaşma qətiyyən doğru deyil. Bu, yanlış və bəsit yanaşmadır. Dünyanın ən böyük dövlətləri belə əhali artımını təşviq edir, bunun üçün qanun layihələri qəbul edir. Amma bizdə əksinə, insanlara deyilir ki, uşaq dünyaya gətirməyin, artmayın, çoxalmayın. Yaxşı, 20-25 ildən sonra pensiya fondu necə formalaşacaq? Vergiləri kim ödəyəcək? Azərbaycan ordusunda kim xidmət edəcək? Qonşu ölkələrin əhalisi artdığı halda bizim əhali azalsa, dövlətin gələcəyi necə olacaq? Bunlar çox ciddi məsələlərdir. Dövlət olaraq uşaqlara görə dəstək vermək və çoxuşaqlı ailələri təşviq etmək borcdur. Bu, dövlətin lütfü deyil, vəzifəsidir", - deyə T.Abbaslı vurğuladı.

NURİYYƏ

Seçilən
1
1
redaktor.az

2Mənbələr