2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676.1 min ədədə çatıb. Bu, əvvəlki illə müqayisədə 90.8 min ədəd və ya 5.73% artım deməkdir.
Bu barədə Banker.az-ın bu gün tərtib etdiyi siyahıda bildirilir. (link)
Avtomobil parkında ən böyük paya malik marka əvvəlki illərdə olduğu kimi VAZ (LADA) olub. Qeyd edək ki, burada bütün VAZ modifikasiyaları birlikdə hesablanır. Buna baxmayaraq, markanın sayı il ərzində 135.5 min ədəd və ya 33.8% azalaraq 265.6 minə düşüb.
İkinci yerdə “Mercedes” qərarlaşıb. Alman markasının avtomobillərinin sayı 222.1 min ədədə yüksələrək illik müqayisədə 0.82% artıb. Artım tempi əvvəlki illərlə müqayisədə zəifləyib. İlk beşlikdə həmçinin “Hyundai” (153.9 min), “Toyota” (124.9 min) və KIA (107 min) yer alıb. Bu markalar üzrə illik artım 7-9% intervalında dəyişib.
Çin markaları bazara sürətlə girirSon bir ildə ən diqqətçəkən dinamika Çin istehsalı avtomobillərdə müşahidə olunub. Hazırda ölkədə əsas Çin markaları üzrə minik avtomobillərinin ümumi sayı 78 min ədədə yaxınlaşıb. Bir il əvvəl bu göstərici təxminən 30 min idi. Beləliklə, Çin markalarının avtomobil parkı bir ildə təxminən 2.5 dəfə böyüyüb.
Çin mənşəli markalar arasında ən böyük park “Changan”a məxsusdur. Bu markanın avtomobillərinin sayı bir ildə 8.95 mindən 38.8 minə yüksələrək 333% artıb. İkinci ən böyük Çin markası isə BYD olub. BYD avtomobillərinin sayı 4,083-dən 19.8 minə çataraq 385% artım göstərib.
Elektrikli avtomobil istehsalçısı “Tesla” da sürətli artım nümayiş etdirib. Ölkədə Tesla markalı avtomobillərin sayı bir ildə 535-dən 1,144-ə yüksələrək 113.8% artıb.
Asiya markalarının çəkisi artırStatistika göstərir ki, Azərbaycan avtomobil bazarında Asiya mənşəli markaların çəkisi artır. Koreya (“Hyundai”, KIA), Yaponiya (“Toyota”, “Nissan”, “Lexus”, “Honda”) və Çin markaları üzrə artım tempinin yüksək olması bazarda əsas dinamikanın Asiya istehsalçıları hesabına formalaşıb.
Avropa markaları, xüsusilə Almaniya istehsalçıları (“Mercedes”, BMW, “Volkswagen”, Audi, Porsche) hələ də yüksək paya malik olsa da, onların artım tempi daha aşağıdır. Məsələn, “Mercedes” cəmi 0.82%, Audi 0.38%, “Volkswagen” isə mənfi dinamika göstərərək 0.64% azalıb.
Ənənəvi sovet və köhnə markalarda isə azalma davam edib. QAZ (“Volqa”) avtomobillərinin sayı 2.64%, “Moskviç” 1.17%, “Zaporojets” 1.56%, “Tofaş” 3.53%, “Daewoo” isə 4.12% azalıb.
Premium seqmentdə də artım qeydə alınıb. “Land Rover” 12.9% artaraq 14.3 minə, Porsche isə 5.19% artaraq 2,738 ədədə yüksəlib. “Rolls Royce” avtomobillərinin sayı da 14.9% artaraq 85-ə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 1 yanvarına ölkədə 1 milyon 502 min, 2025-ci ilin eyni dövrünə isə 1 milyon 585 min minik avtomobili qeydə alınmışdı.