Xəbər verdiyimiz kimi, sabah Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçiləcək. Bununla bağlı artıq bir müddətdir ki, kino ictimaiyyətində müzakirələr gedir.
Redaktor.az xəbər verir ki, bu gün “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin sədri, Xalq artisti Rasim Balayevin qəfil vəfatından sonra İttifaqın yeni sədrinin seçilməsi zərurəti yaranıb.
“İttifaqın İdarə Heyətinin 8 may 2026-cı il tarixli iclası keçirilərək yeni sədrin seçilməsi üçün 26 may 2026-cı ildə növbədənkənar Ümumi Yığıncağın keçirilməsi və sədr vəzifəsinə iki namizədin irəli sürülməsi qərara alınıb. İdarə Heyətinin katibliyinə tapşırılıb ki, hazırlıqla bağlı təşkilati məsələləri həll etsinlər.
Lakin iclasdan sonra keçən müddət ərzində lazımi hüquqi prosedurlara və qanunvericiliyə dəqiq və şəffaf şəkildə əməl edilməyib, bu səbəbdən qeyri-müəyyənlik, məlumat çatışmazlığı və qeyri-şəffaf mühit yaranıb. İttifaqın bütün üzvlərinə Ümumi Yığıncağın gündəliyi və gündəliklə bərabər İttifaqın sədri vəzifəsinə namizədlər barədə öncədən məlumat göndərilməyib. Habelə, İdarə Heyətinin, yəni icra orqanının üzvü olan və özünü “İcraçı katib” kimi təqdim edən namizədlərdən biri Rasim Balayevin vəfatından sonra İdarə Heyətinin səlahiyyətlərini mənimsəyərək İttifaqa faktiki rəhbərliyi həyata keçirib, buna baxmayaraq, Ümumi Yığıncağın gündəliyinə İttifaqın fəaliyyəti barədə hesabat məsələsini daxil etməyib, üstəlik sədr vəzifəsinə namizəd kimi çıxış etməyə hazırlaşır.
Beləliklə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun və İttifaqın nizamnaməsinin tələblərinə zidd olaraq, Ümumi Yığıncağın gündəliyi barədə İttifaqın üzvlərinə tam məlumat verilməyib, gündəlik şəffaf şəkildə açıqlanmayıb, Yığıncağa hazırlıqla bağlı prosedur qaydalarına əməl edilməyib.
Həmçinin qeyd edirik ki, İttifaqın üzvlərinin ümumi sayı ilə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatlar mövcuddur. Üzvlərin rəsmi ümumi reyestri yoxdur. Buna baxmayaraq və üzvlərin ümumi siyahısı və sayı dəqiqləşdirilmədən, sabah Ümumi Yığıncağın keçirilməsi planlaşdırılır. Bu halı İttifaqın üzvlərinin təşkilatın idarəetməsində iştirak kimi təməl hüquqlarının kobud şəkildə pozulması, qeyri-legitim Yığıncaqda iştirak edəcək üzvlərin süni üstünlüyünün yaradılması və idarəetmənin öz təsiri altına alınması cəhdi kimi qiymətləndiririk”.
Qeyd edilib ki, sabahkı Yığıncaqda müəyyən şəxslərin İttifaqın nizamnaməsinə dəyişiklik etməklə əlavə səlahiyyətlər əldə etməyə çalışacağı barədə ciddi narahatlıqlar mövcuddur:
“Habelə, hazırda İttifaqın fəaliyyətinin hərtərəfli təftişinə ciddi zərurət yaranıb. Belə olan şəraitdə tələsik, ciddi hazırlıq aparılmadan, qanunvericiliyin və İttifaqın nizamnaməsinin tələbləri pozulmaqla seçkilərin keçirilməsi onların şəffaflığı ilə bağlı ciddi şübhələr doğurur, bu isə İttifaqın fəaliyyətinə və bütövlükdə kino sənətimizə və ümumilikdə mədəniyyətimizə ciddi zərər vura bilər.
İttifaqın üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, 26 may 2026-cı ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan İttifaqın növbədənkənar Ümumi Yığıncağının çağırılması Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın nizamnaməsinə uyğun həyata keçirilməyib, Ümumi Yığıncaq qeyri-legitimdir və orada qəbul ediləcək qərarların hüquqi qüvvəsi yoxdur.
Biz Azərbaycan kino mühitinə və milli mədəniyyətimizə zərər verə biləcək bu cür addımlara etiraz edirik. “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimləri olaraq bəyan edirik ki, sabah keçirilməsi nəzərdə tutulan növbədənkənar Ümumi Yığıncaq qeyri-legitim və qeyri-qanuni olduğu üçün təxirə salınmalı, qanunvericliyə və İttifaqın nizamnaməsinə uyğun olaraq yenidən çağırılmalıdır.
Bununla bağlı aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirik”, - bəyanatda vurğulanıb.
Bəyanatı yayan “Azərbaycan Kinematoqrafçılar İttifaqı” İctimai Birliyinin üzvləri və digər görkəmli kino xadimlərinin adlarını təqdim edirik:
1. Vaqif Mustafayev;
2. Cəmil Quliyev;
3. Oktay Mirqasım;
4. Akif Əli;
5. Adil Abbasov;
6. Şamil Əliyev;
7. Əmir Hacılı;
8. Mahirə İskəndərova;
9. Kamran Qasımov;
10. Firəngiz Qurbanova;
11. Rəfail Qəmbərov;
12. Cahangir Mehdiyev;
13. Rövşən Məmmədov;
14. Baba Məsimov;
15. Mirbala Səlimli;
16. Əbdül Mahmudov;
17. Hacı İsmayılov;
18. İlham Namiq Kamal;
19. Tariyel Qasımov;
20. Rafiq Əzimov;
21. Zəfər Murtuzov;
22. Fəxrəddin Manafov;
23. Ayaz Salayev;
24. Mehriban Zəki;
25. Cahangir Novruzov;
26. Gülzar Qurbanova;
27. Elbrus Vahidov.