Kürkənd kənd tam orta məktəbi Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində, çayın sahilində yerləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş bu təhsil ocağında 300-dən çox şagird təhsil alır və gələcək həyata hazırlanır.
QHT.az xəbər verir ki, məktəbdə digər fənlərlə yanaşı, təbiət elmlərinin öyrənilməsinə də xüsusi maraq göstərilir. Bunun səbəbi həm ərazinin Kür çayı və biomüxtəlifliyə yaxınlığı, həm də ekoloji maarifləndirmənin önəminin vurğulanmasıdır.
Salyanda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi də bu istiqamətdə şagirdlərə maarifləndirici dəstək göstərir. Təşkilat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpası və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsini həyata keçirir.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, rayon ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər.
“Ana Kür” İctimai Birliyinin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək iqlim dəyişikliyi, meşələrin qırılması, biomüxtəlifliyin azalması, su, hava və torpaq çirklənməsi kimi qlobal ekoloji problemlərdən danışmışdır. O qeyd etmişdir ki, bu problemlərin həllində beynəlxalq əməkdaşlıqla yanaşı, fərdi məsuliyyət və ekoloji mədəniyyətin artırılması da vacibdir.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Rayon Ziyalılar İctimai Birliyinin sədri Allahverdi Piriyev, məktəbin ədəbiyyat müəllimi Minə Abasova və digər iştirakçılar çıxış edərək təkliflərini bildirmiş, layihənin uğurla davam etdirilməsini arzulamışlar.
Tədbir dəyirmi masa və çay süfrəsi formatında davam etmiş, Kür çayı sahillərində ekoloji mühafizənin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.




