AZ

Hacıqabulda toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Hacıqabul, 25 may, AZƏRTAC

Ölkəmizdə ilk dəfə olaraq toxumçuluq sahələrində aprobasiya prosesinin rəqəmsal platforma üzərindən aparılmasına başlanılıb. Aqrar Xidmətlər Agentliyinin (AXA) tətbiq etdiyi yeni "AXA mobile" mobil tətbiqi sayəsində aprobasiya prosesi tam rəqəmsallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, tətbiq vasitəsilə həyata keçirilən proseslərin real vaxt rejimində izlənilməsi, məlumatların operativ şəkildə toplanması və nəticələrin elektron formada sistemləşdirilməsi təmin edilir. Bu yanaşma kənd təsərrüfatında operativliyin artırılması və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu rəqəmsal sistemin və aprobasiya prosesinin mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədilə Hacıqabul rayonunda media nümayəndələrinin iştirakı ilə toxumluq taxıl əkini sahəsində aprobasiya prosesi həyata keçirilib. Proses çərçivəsində əkin sahələrində sorttəmizliyin, xəstəlik və zərərvericilərə yoluxma səviyyəsinin, alaqlanma dərəcəsinin və əkinlərarası izolyasiya məsafəsinə riayət olunmasının qiymətləndirilməsi aparılıb.

Aprobasiya zamanı mütəxəssislər tərəfindən sahələrə baxış keçirilib, toxumların sortluq keyfiyyətinin standarta uyğunluğu qiymətləndirilib və mövcud vəziyyət əsasında ilkin məhsuldarlıq göstəricilərinin proqnozlaşdırılması həyata keçirilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aprobasiya toxumluq materialların dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi və yüksək keyfiyyətli toxum istehsalının təmin olunması məqsədilə aparılan mühüm nəzarət mexanizmidir. Bu proses kənd təsərrüfatında məhsuldarlığın artırılması və toxum bazasının keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, ümumilikdə cari ildə 47,3 min hektar toxumluq taxıl əkini sahəsində aprobasiya aparılması nəzərdə tutulur. Həmin sahələrin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda əkinləri təşkil edir.

Müxbir-Vüqar Qurbanoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
azertag.az

3Mənbələr