Azərbaycan Mərkəzi Bankı "STATİSTİK BÜLLETEN Aprel 2026" buraxılışını dərc edib. Marja.az bülletenə istinadən xəbər verir:
Bank sektoru
30 aprel 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,498 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 148 nəfər artaraq 27,389 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,355.8 mln. manat, cəmi öhdəlikləri 49,695.5 mln. manat, balans kapitalı 7,660.3 mln. manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 318.9 mln. manat artaraq 30,609.2 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.3% (16,312.6 mln. manat); ıı) istehlak kreditləri – 31.5% (9,629.4 mln. manat) və ııı) ipoteka kreditləri – 15.2% (4,667.2 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76%-i və ya 37,770.8 mln. manat. Depozit portfelinin 54.3%-i (20,498.6 mln. manat) hüquqi şəxslərin, 45.7%-i (17,272.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 69.8%-i (12,058.3 mln. manat) milli valyutada, 30.2%-i (5,213.8 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (10,979.9 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 2.1% və ya 221.9 mln. manat, tələbli əmanətləri 7.9% və ya 462 mln. manat artmışdır.
2026-cı ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1% (2,163 əmanətçi), ilin əvvəlindən 8% (15,498 əmanətçi) artaraq 209.6 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 15,342.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.8%-ni təşkil etmişdir. • 2026-cı ilin yanvar – aprel ayları ərzində banklar 438.5 mln. manat xalis mənfəət, 658.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövr ərzində banklar tərəfindən ümumilikdə 104.2 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.2% artaraq 40,480.4 mln. manat təşkil etmişdir. • Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 762.1 mln. manat azalaraq 2,499.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozit və kreditlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artaraq 22 milyon 518 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artmışdır. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,969 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 6%, POS-terminalların sayı 24% artmışdır.