AZ

Güləş millisinin böyük məşqçisi: Avropa çempionatında favoritlərin eyni qruplarda yer alması balansı dəyişdi

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 may, AZƏRTAC

Əslində, 3 qızıl medal gözləyirdik. Ümumilikdə isə 6 medal qazanmaq şansımız var idi. Yeddi güləşçimiz medal uğrunda mübarizə apardı. Təəssüf ki, püşkatmanın nəticəsində güclü ölkələrin nümayəndələri demək olar, bütün çəkilərdə bizim idmançılarla eyni qruplara düşdülər. Bu da medal sayımızın artmasına mane oldu. Hər bir güclü ölkənin bir neçə medal qazanmaq imkanı var idi, lakin favoritlərin böyük hissəsinin eyni qruplarda yer alması balansın dəyişməsinə səbəb oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında yunan-Roma güləşi üzrə U-15 Azərbaycan millisinin böyük məşqçisi Taleh Məmmədov Bolqarıstanın Samokov şəhərində keçirilmiş Avropa çempionatında əldə olunan nəticələri dəyərləndirərkən deyib.

Mütəxəssis 41 kiloqram çəki dərəcəsində çıxış edən Xudayar Kərimovun zədəsinin nəticələrə təsir etdiyini vurğulayıb: “Xudayar Kərimovun qolu sındı. Halbuki onun qızıl medal qazanmaq ehtimalı çox yüksək idi. Avropa çempionatlarında ikinci və üçüncü yerləri tutmuş idmançıdır və bu yarışda da əsas favoritlərdən sayılırdı”.

Taleh Məmmədov komandanın çıxışını ümumilikdə qənaətbəxş qiymətləndirib: “Nəticəni normal hesab edirəm. Yeddi idmançımız medal uğrunda güləşdi. Sadəcə, beşinci yerlərimizin sayı çox oldu. Bu da yenə güclü rəqiblərin eyni qruplarda toplanması ilə bağlı idi. Komandanın ümumi çıxışı yaxşı idi. İnanıram ki, gələn il daha güclü kollektiv formalaşdıracağıq və medalların əyarı daha yüksək olacaq”.

Böyük məşqçi qarşıdakı planlardan da danışıb: “Gələn aydan etibarən seçim yarışları keçirməyi və komandanı formalaşdırmağı planlaşdırırıq. Məqsədimiz idmançıları 9-10 ay öncədən beynəlxalq yarışlara sistemli şəkildə hazırlamaqdır. Eyni zamanda, aşağı yaş qrupları üzrə beynəlxalq turnirlərin sayının artırılmasını istəyirik. Bu yaş kateqoriyasında yarışlar az təşkil olunur. Federasiya rəhbərliyi ilə də bu məsələni müzakirə etmişik. Çalışacağıq ki, xaricdə keçirilən bir neçə turniri müəyyənləşdirib rəhbərliyə təqdim edək və komandamız həmin yarışlarda iştirak etsin”.

O, gənc güləşçilərin əsas çatışmazlığının beynəlxalq təcrübə azlığı olduğunu qeyd edib: “Bir neçə idmançının çıxışını izləyərkən gördük ki, əsas problem yarış təcrübəsinin kifayət qədər olmamasıdır. Güclü rəqiblərlə qarşılaşanda müəyyən həyəcan hiss olunurdu. Düşünürəm ki, daha çox beynəlxalq turnirdə iştirak bu problemi aradan qaldıracaq və gələcəkdə nəticələrimiz daha da yaxşı olacaq”.

Qeyd edək ki, millinin heyətində Hüseyn Əmrahlı (38 kiloqram) və Paşa Aslan (44 kiloqram) qızıl medal qazanıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
azertag.az

2Mənbələr