Son günlər Milli Məclisin deputatı Günay Ağamalı tərəfindən uşaqpulu məsələsi ilə bağlı səsləndirilən fikirlər ictimai gündəmdə geniş rezonans doğurub. Mövzu sosial şəbəkələrdə, media platformalarında və ictimai müzakirələrdə geniş şəkildə müzakirə olunmağa başlayıb. Məsələ ilə bağlı tanınmış jurnalist, "Real" TV-nin baş direktoru Mirşahin Ağayev də şəxsi feysbuk hesabında paylaşım edərək deputatın mövqeyini müdafiə edib və ona açıq şəkildə dəstəyini ifadə edib.
Lakin həmin paylaşımda xalq və cəmiyyətlə bağlı səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İctimaiyyətin bir qismi bu açıqlamaları sərt şəkildə tənqid edib, paylaşımdakı ifadələrin və yanaşmanın vətəndaşların sosial problemlərinə həssas münasibəti əks etdirmədiyini bildirib. Nəticədə mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müxtəlif mövqelərin ortaya çıxmasına yol açıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Mirşahin Ağayev həmin paylaşımında xalqı təhqir edib:
"Allah Cəlal müəllimə rəhmət eləsin, onun barəsində hər şeyi Cəlal müəllim deyib. Biz də Cəlal müəllimə hörmət edirik, akademikimiz idi, hörmətli ziyalımız idi. Mirşahin bilmirsən hara işləyir, kimə işləyir, nəyə işləyir. Bu milləti aşağılayır. Mən düşünürəm ki, o televiziya lazım deyil, dövlət havayı ora pul xərcləyir. Onun heç bir baxımlılıq əmsalı yoxdur. O fəaliyyət göstərir, amma xalqın içindən gələn fikri ifadə edə bilmir. Səviyyəsiz fikirlər səsləndirir, bu da istər-istəməz dövlətə qarşı ikrah hissi yaradır. Dövlət başçısı bu qədər işlər görür, onun gördüyü işlərə Mirşahin kimi adamlar kölgə salır. Bu da düşünülmüş şəkildə olan məsələdir. Medianın bu səviyyədə hərəkət etməsi məncə düzgün deyil. Mirşahin fikirləşməlidir ki, nə danışır, nə deyir. Onun fikirləri xalq tərəfindən qəbul olunur, yoxsa olunmur? Yəni bunların hamısı ciddi ölçü vahididir. Ona görə də Mirşahinin haqqında, yenə təkrar edirəm, rəhmətlik Cəlal müəllim özünə lazım olanı deyib. Mənim də bir partiya sədri kimi, dörd dəfə prezidentliyə namizəd kimi fikrim budur ki, ölkədə qarışıqlıq yaratmaq, dövlət başçısının xalqa olan məhəbbətini və xalqın dövlət başçısına olan inamını bu cür media nümayəndələri sarsıtmamalıdır. Onların fikrini sadə vətəndaş başqa cür qəbul edir. Elə bilirlər bu, dövlətin mövqeyidir. Amma bu, dövlətin mövqeyi deyil. Dövlət həmişə xalqının yanındadır, dövlət xalqa xidmət edir. Cənab prezident həmişə deyib ki, biz xalqın xidmətçiləriyik. Amma nə etmək olar ki, həmin dövlətdən maliyyələşən, ondan sonra onun-bunun təsiri altında olan Mirşahinlər dövlət başçısının iradəsinin əksinə gedir. Onlar düşünürlər ki, dövlət başçısına kömək edirlər, amma xalq arasında tamamilə başqa fikir formalaşdırırlar. Dövlətlə xalq arasında uçurum yaradırlar. Onu yaradanlar kimdir? Mirşahinlərdir və digərləridir".
Siyasətçinin sözlərinə görə, belə insanlar danışığını bilməyən insanlardır:
"Bu gün müəyyən qurumlarda kök salıblar. Onlar xalqla dövlət arasında baryer yaradırlar, uçurum yaradırlar. Amma bu belə deyil. Mən tam səmimi deyirəm, dövlət başçısı xalqının həmişə xidmətçisidir, xalqla bir yerdədir. Xalqın maddi rifahının yüksəlməsi üçün nə lazımdırsa edir. Amma nə etmək olar ki, onun ətrafında olan bəzi qüvvələr hələlik buna imkan vermir. O cümlədən də Mirşahin. Onun televiziyası bağlanmalıdır. Bizim ziyalılarımızın müraciəti var. Mən də o müraciətə qoşuluram ki, Mirşahin kimi televiziya rəhbərləri Azərbaycan dövlətinə lazım deyil. Azərbaycan dövləti ona ayırdığı pulları şəhid ailələrinə, yetimlərə və imkansız ailələrə versə, daha yaxşı olar, nəinki belə təbliğata. Boş-boş söhbətlərdir, çıxıb televizorda danışır. Mən Mirşahini məqbul hesab etmirəm".
NURİYYƏ